BAKI, 22 may — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirir. Aksiya 22 may 2017-ci il tarixində saat 10:00-da Bakı dəmir yolu xəstəxanasında başlayıb, günün sonunadək davam edəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Bir məsələni diqqətə çatdıraq ki, Azərbaycanda talassemiyalı xəstələrə qayğı göstərilməsi ilk öncə Heydər Əliyev Fondunun, şəxsən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Belə ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" layihəsinin dəstəklənməsi üçün dövlət və kommersiya strukturlarının, eləcə də QHT-lərin cəlb edilməsi istiqamətində böyük işlər görülüb.
Layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.