BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (MN) nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində, mayın 22-də general-polkovnik Zakir Həsənovla Gürcüstanın Baş naziri cənab Giorgi Kvirikaşvili arasında görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a MN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.