CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "ölüm qutuları" — hökumətə və əhaliyə çağırış

© Sputnik / Anar MustafayevBakıda yaşayış evi
Bakıda yaşayış evi - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin liftlərin dəyişdirilməsinə vəsait ayırmasına baxmayaraq, sərəncam yerinə yetirilmir

BAKI, 22 may — Sputnik. Paytaxtda köhnə binaların əksəriyyətində lift sistemi yarasız vəziyyətdədir. Demək olar ki, hər gün insanların liftdə qalması, bəzən isə lift kanatının qırılması, insanların liftin şaxtasına düşməsi kimi faciəli hadisələr barədə xəbərlər eşidirik.

Halbuki, ölkə prezidenti 3 aprel 2013-cü ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılsın.

Yəni, Bakı şəhərində liftlərin dəyişdirilməsi, təmiri üçün 5 milyon manat ayrılıb. Amma paytaxtdakı köhnə binalarda olan liftlərin vəziyyətinə nəzər salanda, ayrılan vəsaitin hara xərcləndiyi sual doğurur.

© Sputnik / Irade JELILLift kabinəsi
Lift kabinəsi - Sputnik Azərbaycan
Lift kabinəsi

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a bildirir ki, lift təsərrüfatına vahid nəzarət yoxdur. Səbəb isə Azərbaycanda özəl binaların çox olmasıdır: "Tikinti şirkətləri binaları tikəndən sonra idarəçiliyi də əllərində saxlayır. Köhnə binalara isə "Bakı Lift" adlı idarə (Bakı Lift-Təmir İstehsalat Birliyi nəzərdə tutulur – red.) nəzarət etməlidir. Amma onlar sadəcə pul toplamaqla məşğuldurlar. Eyni zamanda, liftlərin təhlükəsizliyinə cavabdeh olan orqan Fövqəladə Hallar Nazirliyidir. Çünki yeni tikilən binaları qəbul edərkən, istismar edərkən onlara bu orqan nəzarət edir".

Məmmədovun sözlərinə görə, Azərbaycanda bu sahədə ümumi vəziyyət yaxşı deyil: "Lift yaranan gündən, müdafiə sistemi ilə təmin edilib. Liftin kanatı qırılanda, avtomatik tormozlanma sistemi işə düşməli və o, lifti saxlamalıdır. Bunun üçün də liftlər quraşdırılarkən müvafiq işlər yerinə yetirilməlidir. İstismar dövründə mütəmadi olaraq yoxlanmalıdır. Kanatın yük götürmə qabiliyyəti, aşınması nəzərə alınmalıdır. Amma ölkədə elə liftlər var ki, 70-ci illərdən onların kanatları dəyişdirilmir".

Liqa rəhbəri liftlərdə paraşüt sisteminin olduğunu diqqətə çatdırır: "Kanat qırılarkən o sistem avtomatik lifti tutmalıdır. O sistemi ya quraşdırmırlar, ya da keyfiyyətsiz qoyurlar. O sistem işləmir, lift şaxtaya düşür, bu da bədbəxt hadisələrə səbəb olur".

"Ümumiyyətlə, bu problemin kökündə mənimsəmə halları, vicdansız münasibət, keyfiyyətsiz iş durur. Əslində liftlər köhnə olsa da, istismar müddəti bitsə də, kanat qırılanda ilişib qalmalıdır. Bizdə isə hətta yeni binalarda belə, liftlər qırılanda şaxtaya düşür" — deyir həmsöhbətimiz.

© Sputnik / Irade JELILKöhnə lift
Köhnə lift - Sputnik Azərbaycan
Köhnə lift

S. Məmmədov bu çox ciddi məsələ olduğunu və qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edir: "Bakı Lift İdarəsi ya ləğv olunmalıdır, ya da yenidən təşkil olunmalıdır. Çünki onlar qapı-qapı düşüb pul yığmaqdan başqa heç nə bilmirlər. Mənim yaşadığım binada sakinlərdən 1-2 nəfər pulu verməmişdi, bütün binanın liftini dayandırmışdılar. Amma onlar heç bir xidmət etmirlər. Gəlib texniki xidmət göstərsinlər, təmir etsinlər, mən görməmişəm. Boş-boşuna pul yığırlar. Nə nəzarət həyata keçirirlər, nə cari baxış edirlər".

Müsahibimizin fikrincə, lift idarəsinin balansında yeni idarə yaradılmalıdır: "Yeni yaradılan idarə bütün liftlərə texniki xidmət göstərməlidir. İdarə tikinti şirkətləri ilə müqavilə ilə işləməlidir. Belə olsa, bütün məsuliyyəti də bu qurum daşıyar. Bu qurum yaradılmayana qədər lift probleminin həllinin tapılacağına ümid yoxdur".

"Ölkə prezidenti köhnə liftlərin dəyişdirilməsi ilə bağlı sərəncam vermiş və bunun üçün külli miqdarda vəsait ayırmışdı. Amma buna baxmayaraq köhnə binalarda liftlərin çoxu dəyişdirilmədi, dəyişdirilənlər isə çox keyfiyyətsizləri ilə əvəz edildi" — deyən S. Məmmədov bildirir ki, lift istismara yaramırsa, dəyişdilməli, nəzarətedici orqan gəlib yoxlamalı və istifadəsini dayandırmalıdır.

© Sputnik / Irade JELILLiftlərin sıradan çıxmasında sakinlərin da günahı az deyil
Liftlərin sıradan çıxmasında sakinlərin da günahı az deyil - Sputnik Azərbaycan
Liftlərin sıradan çıxmasında sakinlərin da günahı az deyil

İnşaat mühəndisi Samir Quliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, liftdə çox zaman problemlər elektrik təchizatı sistemində nasazlıq, normadan artıq yüklənmə, liftin istismar müddətinin bitməsi, liftdə yersiz və sərt hərəkətlər, liftın qapılarının ətrafında toz və bu kimi maneələrin yığılması ilə əlaqədar baş verir. Onun sözlərinə görə, liftlərin sıradan çıxmasında vətəndaşların da günahı az deyil.

"Liftdən ayaqyolu kimi istifadə edənlər də var. Tum çırtlayıb qabığını tökənlər, su içib şüşəsini atanlar, saqqız çeynəyib divara yapışdıranlar, siqaret çəkib divarında söndürənlər, divarlarını yazanlar az deyil. Biz əgər özümüz öz istifadəmizdə olan liftlə belə davranırıqsa, başqaları heç maraqlanmaz" — mütəxəssis bildirir.

Quliyev liftlərin sıradan çıxmaması və qəzaların baş verməməsi üçün vətəndaşları diqqətli olmağa çağırır: "Belə ki, uşaqları liftə tək buraxmaq, liftin qapıları arasında dayanmaq. Lift hərəkətdə olarkən qapısına, tavanına toxunmaq, lifti silkələmək, liftdə siqaret çəkmək, alışqandan istifadə etmək, kibrit yandırmaq olmaz."

Müsahibimiz əlavə edir ki, liftdə qalanlar çox zaman qorxur, təşvişə düşür. Bu da onların liftlə kobud davranmasına səbəb olur: "Əgər liftdə qalmısınızsa, liftin zəng siqnalından istifadə edib kömək çağırın, qapını döyün, telefon varsa, lift işçisinə zəng vurun. Əgər köməyinizə gələn yoxdursa, 112-yə zəng vurun".

Xəbər lenti
0