BAKI, 22 may — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillersonun, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı PKK tərəfdarları ilə Ərdoğanın mühafizəçiləri arasında yaşanan qarşıdurma ilə bağlı verdiyi açıqlama Ankaranı hərəkətə keçirib.
Sputnik Türkiyə xəbər verir ki, Reks Tillerson baş verənləri "türk şiddəti" adlandırıb. Söylənilən ifadənin qəbuledilməz olduğunu bildirən Türkiyə hökuməti, Ankaradakı ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.
Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olarkən, bir qrup PKK tərəfdarı Türkiyə prezidenti əleyhinə çirkin ifadələr işlədərək onu "uşaq qatili" adlandırmışdı. Bunun üzərinə Ərdoğanın cangüdənləri PKK-çılara qarşı hücuma keçərək onlara ağır xəsarət yetirmişdi.