BAKI, 20 may — Sputnik. "2030-cu ilə neftin qiyməti sıfıra bərabər olsa belə, mənim üçün fərqi yoxdur". Bunu Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan deyib.
"Əslində, 2020-ci ildə də mənə fərqi yoxdur ki, neftin qiyməti 40, 45, 50, yoxsa 55 dollar olacaq. Çünki biz neftdən asılılığı azaltmaq yolunda önəmli addımlar atmışıq. Son 40-50 il ərzində sürən bu asılılığı tamamilə aradan qaldırmağı planlaşdırırıq" — nazir bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı neftdən asılılığın azaldılması məqsədi ilə 2016-cı ildə plan hazırlayıb. Plana əsasən, neft emalı gücü hazırkı 3,1 mln. barel/gündən 2020-ci ilə qədər 3,3 mln. barel/günə çatdırılacaq. Həmçinin, bərpa olunan enerji ilə ölkə enerji istehsalının 4%-i təmin ediləcək.
2020-ci ilə qədər su və elektrik subsidiyalarının azaldılması ölkəyə 200 mlrd. rial və ya 53 mlrd. ABŞ dolları qazandıracaq. Bununla yanaşı, ölkə neft hasilatını azaltmayaraq 2020-ci ilə qədər 12,5 mln. barel/günə çatdırmağı dəstəkləyəcək.
Maliyyə nazirinin açıqlaması, ölkənin gələcəkdə neft hasilatını artıraraq, OPEC və ona daxil olmayan ölkələrin hasilatı azaltmaqla bağlı anlaşmasından çıxa biləcəyini göstərir. Proqnozlara görə, yaxın bir neçə ildə neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək.
Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanının gələcəkdə neft hasilatını artıraraq, OPEC-in hasilatı azaltmaqla bağlı anlaşmasından çıxa biləcəyinə o qədər də inanmır: "Çünki Səudiyyə Ərəbistanı hasilat anlaşmasının ən böyük tərəfdarlarından biri olub. Səudiyyə Ərəbistanı neft hasilatının müəyyən həddə saxlanılmasına etiraz etmir".
Səudiyyə Ərəbistanının maliyyə nazirinin neftin qiyməti ilə bağlı dediyi fikirlərə gəlincə, millət vəkili bildirib ki, bu, inandırıcı deyil: "Çünki Səudiyyə Ərəbistanı əsasən neft ixrac edən dövlətdir və bütün gəlirləri də neftin üzərində qurulub. Başqa elə bir ciddi sahəsi yoxdur. Bir balaca turizm sahəsi var və s. Ona görə də bu ölkə üçün neft əsas gəlir mənbəyidir".
Azərbaycana gəlincə, V. Əhmədovun sözlərinə görə, ölkəmiz özünün qeyri-neft sektorunu inkişaf etdirir: "Bununla bağlı artıq Strateji Yol Xəritəsi dövlət başçısı tərəfindən təsdiqlənib. 11 sahə üzrə müəyyən planlar həyata keçirilir. Düzdür, bu məsələdə müəyyən ləngimələr var, amma qarşıya qoyulan proqramlar həyata keçiriləcəksə, 2018-2020-ci illərdə Azərbaycan neftdən asılılığını kəskin azaldacaq".
"Bunun üçün ciddi işləmək lazımdır. Biz elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olmasın. Yəni, dünya bazarında həm neftin hasilatında enmələr var, həm də neftin qiymətində çox ciddi problemlər var" — deputat vurğulayıb.
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban da Sputnik Azərbaycan-a açıqlamasında, Səudiyyə Ərəbistanı iqtisadiyyatının 90 faizinin neftdən asılı olduğunu söyləyib: "İkincisi, onlarda indi-indi neft-kimya sənayesi inkişaf edir və ABŞ ilə böyük layihələri var".
İ. Şabanın sözlərinə görə, Səudiyyə Ərəbistanının Neft Fondu 2014-cü ildən sonra birdən-birə 300 milyard dollara yaxın vəsait itirib: "500 milyard dollara yaxın vəsait də son 3 ildə azalıb. Onlar itirilmiş vəsaiti bərpa etmək istəyirlər. İndi bunu nə ilə bərpa edə bilərlər?"
"Neftin qiyməti 10 dollar olsa, Səudiyyə Ərəbistanı müflis olar. Çünki bu ölkə neft quyularının işlənməsi üçün elektrik enerjisi sərf edir. Bu elektrikin hasil edilməsi üçün böyük elektrik stansiyaları işləyir. Bunun milyardlarla xərci var. Yəni, bu ölkənin alternativ energetikası da yoxdur. Digər tərəfdən, texniki suya (neft quyuları və digərləri üçün lazım olan su — red.) olan tələbatı ödəmək böyük xərc tələb edir" — ekspert bildirib.
Onun fikrincə, Səudiyyə Ərəbistanı OPEC-in hasilatın azaldılması ilə bağlı anlaşmasından çıxmaz: "Bu ölkə neftin qiymətinin yüksək səviyyədə saxlanılması üçün bir mayakdır. Bu ölkə hasilatın azaldılması ilə bağlı anlaşma müddətinin uzadılmasını istəyir. Ona görə hazırda neftin qiyməti 50 dollardan yuxarıdır".
Azərbaycana gəlincə, ekspert deyib ki, dünyanın aparıcı neft ölkələrinin neft ilə bağlı qəbul etdiyi qərarların bu və ya digər şəkildə Azərbaycana həmişə təsiri olub: "Çünki Azərbaycanın gəlirlərinin 86 faizi enerji sektorundan götürülür. Hər il Azərbaycanda neft ixracı hasilatın azaldılması ilə bağlı azalır. Ona görə də neftin qiymətlərinin artımı bizim üçün çox vacibdir".