BAKI, 20 may — Sputnik. "IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 4 sürücüdə yüksək təzyiq olduğundan, 1 sürücü isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlaşdırılıb".
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev belə açıqlama verib. "Həmin ərəfədə Bakı Nəqliyyat Agentliyinin 350 avtobusu fəaliyyət göstərib. Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin gün sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib" — Ağayev bildirib.
O, qeyd edib ki, bağlanış mərasimi günü (22 may) üçün BNA 430 avtobus ayırıb: "Bağlanış mərasimi günündə də sürücülər əvvəlcə tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcəyik və onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".
Bağlanış mərasimi günü metronun "Koroğlu" stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.