İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 19 may — Sputnik. Bu gün Daşkəsən rayonu ərazisində təbii fəlakət baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarından başlayaraq, güclü külək və qasırğa nəticəsində çoxmərtəbəli binalara və fərdi evlərə ciddi ziyan dəyib. Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtükləri, həmçinin rayonun elektrik, rabitə xətləri, şəxsi minik avtomobilləri zərər görüb.
Daşkəsən şəhər İ. Qayıbov küçəsi 30 və 30a ünvanlarında beşmərtəbəli, S. Vurğun küçəsi 24a ünvanında ikimərtəbəli yaşayış binalarının dam örtüyü qopub. Güclü külək binaların dam örtüklərini tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.
Bundan əlavə, 10-dan artıq elektrik dayağı, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqonmetrdən artıq rabitə kabeli sıradan çıxıb.
Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub. Rayon icra hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.