BAKI, 19 may — Sputnik. "İranda kim prezident seçilir seçilsin, Azərbaycanla əlaqələr olduğu kimi müsbət qalacaq. Əlaqələrimiz daha da möhkəmlənəcək, inkişaf edəcək". Bu sözləri Sputnik Azərbaycan-a İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmməd Rza Nəcəfi deyib. İranda bu gün keçirilən prezident seçkiləri ilə bağlı, Azərbaycanda yaşayan iranlıların səfirliyin konsulluq şöbəsinə və Naxçıvandakı konsulluğa axın edərək səs verdiklərini deyən M.R.Nəcəfi, iştirak sayının əvvəlki seçki ilə müqayisədə ikiqat artıq olduğunu bildirib:
"Bu gün İran İslam Respublikası özünün 12-ci prezidentini seçir. Azərbaycanda yaşayan İran vətəndaşları paytaxt Bakıda və Naxçıvan şəhərindəki konsulluqlarımızda səs veriblər. Səsverməyə gələnlər fərqli qrupları təmsil edirlər. Onlar arasında Azərbaycanda iş görən ticarətçilər, ölkənizə gəzməyə gələn turistlər, o cümlədən də 4-cü İslam Həmrəylik oyunlarında iştirak edən 300 nəfərə yaxın idmançı da var. Ümumiyyətlə, səsvermədə iştirak faizi olduqca böyükdür. Deyərdim ki, əvvəlki seçki ilə müqayisədə iki dəfə artıqdır. İranda inqilabi-islami-demokratiya hakimdir. Orada hər şey xalqın səsverməsi ilə təyin edilir. Bizim xalq, səsin əhəmiyyətinə inandığı üçün, hər zaman seçkilərdə səsverməyə gedir. İştirak rəqəminin ümumilikdə 70%-dən yuxarı olacağı gözlənilir".
"Səsvermə saat 8:00-da başlayıb və 16:00-da başa çatıb. Ancaq əlavə müraciətlər olsa biz onu davam etdirə bilərik. İranda kim prezident seçilir seçilsin, Azərbaycanla əlaqələr olduğu kimi müsbət qalacaq. Əlaqələrimiz daha da möhkəmlənəcək, inkişaf edəcək" — Məhəmməd Rza Nəcəfi əlavə edib.