BAKI, 19 may — Sputnik. Türkiyənin ən tirajlı qəzetlərindən olan "Sözcü"nün həmtəsisçisi Burak Akbay polis nəzarətinə götürülüb. O, FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinir.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Burak Akbaydan başqa qəzetin daha üç əməkdaşı da həbs olunub. Onlar qəzetin internet yayımından məsul müdiri Melda Olqun, maliyyə işləri rəhbəri Yonca Kaleli və müxbir Gökmən Uludur.
Məsələ ilə bağlı Türkiyənin Baş Prokurorluğu məlumat yayıb. Həmin məlumatda deyilir ki, 2016-cı il 15 iyul günü, yəni çevrilişə cəhdin olduğu gün, sözügedən qəzetin, prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı hotelin koordinatlarını xuntaçı hərbçilərə şifrəli şəkildə ötürdüyü məlum olub.
"Məhz koordinatların bəlli olmasından sonra qanlı çevriliş cəhdinə başlanıb. Xuntaçı əsgərlər ölkə rəhbərinin Marmaris bölgəsində istirahətdə olduğu hotelə basqın edərək, prezidentin 2 nəfər mühafizəçisini şəhid etmişdi. Lakin dövlət rəhbəri alınan kəşfiyyat məlumatları nəticəsində hoteli 15 dəqiqə əvvəl tərk etdiyi üçün, xainlərin prezidenti öldürmə arzusu puç olub" — prokurorluq bildirir.