İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 18 may — Sputnik. Tovuzun İbrahim Hacılı kəndində tapılan naməlum heyvan cəsədi görənlərin böyük marağına səbəb olub. İlk baxışdan xırda dinozavrın skeletini xatırladan heyvanın mənşəyini bilən yoxdur. Sakinlər kənddə ilk dəfədir ki, bu cür bədheybət gördüklərini deyirlər. Naməlum varlığın qalıqlarını kənd sakini Mürvət Quliyev küçədəki daşların arasında aşkar edib.
Kənd camaatı deyir ki, kənddə dələ, siçovul kimi gəmiricilər olsa da, bu onların heç birinə bənzəmir. Heyvanın dişləri, dırnaqları onlara xas deyil. Kəndin yaşlı insanları da indiyə qədər belə varlığa rast gəlmədiklərini deyirlər. Gün ərzində skeleti görmək üçün kəndə yüzlərlə insan gəlir.
Skelet insanların marağına səbəb olduğuna görə, araşdırılmaq üçün aidiyyəti üzrə təhvil verilməsi nəzərdə tutulur.