BAKI, 18 may — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan hökumətin istefasının qəbul olunması ilə bağlı fərman verib. Sputnik Ermənistan Sarkisyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Ermənistan Konstitusiyasına görə, hökumət yeni çağırış parlamentin ilk iclası günü istefaya getməlidir.
Qeyd edək ki, mayın 18-də 6-cı çağırış Ermənistan parlamentinin ilk iclası keçirilib. Prezidentin fərmanına əsasən, hökumət üzvləri yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrinin icrasını davam etdirməlidirlər.
Ölkə prezidenti hökumətin istefasının qəbulundan sonrakı 10 gün müddətində yeni baş naziri təyin etməlidir. Nazirlər Kabineti 20 gün ərzində formalaşdırılır.
Hakim Respublika partiyasının (ERP) mətbuat katibi Eduard Şarmazanov bildirib ki, ERP baş nazir postuna hazırkı baş nazir Karen Karapetyanın namizədliyini irəli sürəcək.