BAKI, 18 may — Sputnik. Klanlararası yeni münaqişələr kriminal dünyanı silkələməkdədir. Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə münaqişənin dəyirmandaşına Rövşən Canıyevin (Lənkəranski) keçmiş şəxsi cangüdəni, kriminal dünyasında Hacı Beyləqanski kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlı düşüb.
Qeyd edək ki, Beyləqanski Lənkəranskinin qətlində (18 avqust 2016-cı il, İstanbul, Barbaros bulvarı) şübhəli bilinərək saxlanılıb, lakin bir müddət sonra günahının sübutu üçün dəlil çatışmazlığı səbəbindən azadlığa buraxılıb. Hazırda Beyləqanski Türkiyədə yaşayır.
Rusiya KİV-nin yazdığına görə, bu günlərdə cinayətkar qrupların Ümumavropa kassasının 42 yaşlı nəzarətçisi, çeçen əsilli kriminal avtoritet, kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov, qardaşı adlandırdığı Rövşən Lənkəranskinin düşmənləri ilə çoxdan əlaqə saxlamaqda şübhələndiyi Beyləqanskini cavab verməyə çağırıb. Şeyx Həmzət 71 yaşlı "qanuni oğru" Ceceya Valikonun (Valter) iştirakı ilə Beyləqanskiylə telefonla danışaraq, Lənkəranskinin Hacının yanında öldürüldüyünü, amma onun bir yerinin belə cızılmadığının necə olduğu ilə bağlı izahat tələb edib.
Qastəmirov Hacını dostunun xatirəsinə xəyanət etməkdə və "qanuni oğru"lar Namiq və Nadir Səlifov qardaşlarının tərəfinə keçməkdə günahlandırıb. Qeyd edək ki, Nadir Səlifov (Lotu Quli) hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.
Rusiya KİV-ləri digər mənbələrin informasiyalarına istinadla Qastəmirovun şübhələrini doğrulayıb. Onların məlumatına görə, Beyləqanski bu yaxınlarda Qulinin adamlarına qatılıb. Namiq Səlifov Hacıya zirehli avtomobil verib, onun üçün Türkiyədə mənzil kirayələyib və 30 min dollar qiyməti olan saat bağışlayıb. Və bütün bunları elə edib ki, bundan hamı xəbər tutub.
Şeyx Həmzət Hacıya iradlarını bildirəndən sonra ona özünü "oğru" adlandırmağı qadağan edib. Beyləqanski isə deyib ki, artıq Qastəmirovun sözü onun üçün qanun deyil. Bu xoşagəlməz söhbətdə Valter Qastəmirovu dəstəkləyib. Məlumdur ki, Valter uzun müddət Berlində Qastəmirovun qonağı olub.
Qanuni oğrular qəzetlərin birinci səhifəsinə düşməkdə maraqlı deyillər, onların kriminal həyatı həmişə gizli qalır və buna görə də cəlbedici olur. Bu səbəbdən də onlar haqqında KİV-də gedən məlumatların heç də hamısı birmənalı şəkildə dəqiq olmur, yarısı şayiə, yarısı isə həqiqət olur.
Sputnik Azərbaycan-ın əməkdaşı tərəflərdən birinin yaxın dairəsinə çıxış əldə edə bilib. Hacı Beyləqanskiyə yaxın mənbə bildirib ki, onun haqqında yazılanlar doğru deyil.
"Beyləqanski Qulinin tərəfinə keçməyib. Cinayət aləmini Namiqin hədiyyə etdiyi avtomobil çaşdırıb. Bunun Namiq Səlifova aidiyyatı yoxdur" – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, zirehli "Mercedes"i Beyləqanskiyə mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hədiyyə edib. Bu maşın Rövşən Lənkəranskiyə məxsus olub və mərhum qısa müddət ərzində onunla gəzib. Lakin qətl baş verən gecə, naməlum səbəbdən Lənkəranski digər avtomobilə oturub və killerlərin hücumuna məruz qalıb.
Mənbənin bildirdiyinə görə, 30 minlik saatın hədiyyə olunması ilə bağlı məlumat da doğru deyil.