BAKI, 18 may — Sputnik. Adamları insan alverinə necə cəlb edirlər? Bəs bu bəladan necə xilas olmalı və kimə müraciət etməli? Bu suallara "XXI Əsrin Qadınları" İctimai Birliyinin "İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi" layihəsi çərçivəsində keçirdiyi tədbirlərdə cavab verilib.
Təşkilatın sədri Mahirə Əmirhüseynovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sözügedən tədbirlər Bərdə, Ağcabədi, Ağdam rayonlarında AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində olub.
Tədbir iştirakçılarına cinayətkarların insanları insan alverinə necə cəlb etmələri, bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib. Həmçinin bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb.
Mahirə Əmirhüseynova İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz psixoloji yardım göstərdiklərini deyib. Bildirib ki, hüquqşünaslar insan alveri qurbanlarının problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması ilə bağlı onlara hüquqi yardım göstərəcəklər. İnsan alverinin qurbanı olan şəxslərin sənədlərinin hazırlanması, qaydaya salınması, həmçinin zəruri sənədlərin əldə edilməsi üçün əlaqədar qurumlara müraciətlər ünvanlanacaq.
Sözügedən tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) əməkdaşı, polis kapitanı Xəyyam Nəcəfov, rayon təhsil müəssisənin rəhbər işçiləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov, Agcabədi Dövlət Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Ağdam Dövlət Musiqi Kollecinin direktoru Laura Ağayeva, Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov, psixoloq Günay Kərimova və başqaları çıxış ediblər.
Layihə çərçivəsində növbəti tədbirlər Lənkəran, Astara və Masallı rayonlarında keçiriləcək. Müvafiq Milli Fəaliyyət Planına uyğun olaraq, İAQMBİ, Təhsil Nazirliyi, İnsan Alverinə Qarşı QHT Koalisiyasının birgə təşkilatçılığı ilə regionlarda bu qəbildən olan silsilə tədbirlər davam etdiriləcək.