BAKI, 17 may — Sputnik. 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3578,1 milyon dollar, idxalın dəyəri 1512,8 milyon dollar təşkil edib, nəticədə 2065,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalıb.
Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB üzvü dövlətləri, 49,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 20,7 faizi İtaliyaya, 11,8 faizi Türkiyəyə, 6,9 faizi Portuqaliyaya, 6,5 faizi Tayvana (Çinin əyaləti), 5,7 faizi İsrailə, 4,8 faizi Çinə, hər biri 4,5 faiz olmaqla Almaniya və Hindistana, 4,1 faizi Gürcüstana, 3,8 faizi Fransaya, 3,6 faizi Kanadaya, qalan 23,1 faizi isə digər ölkələrə göndərilən məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin, hər biri 4,9 faiz olmaqla Almaniya və ABŞ-ın, 4,4 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,2 faizi İranın, 2,1 faizi Braziliyanın, 1,9 faizi Hindistanın, 25,2 faizi isə digər ölkələrin payına düşüb.