BAKI, 17 may — Sputnik. "Telekommunikasiya haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir.
Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur. Layihə Milli Məclisin dünənki plenar iclasının birinci oxunuşunda qəbul olunub.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında, 40-cı maddəyə əlavələrin olunmasının xeyli problem yaradacağını deyib: "Ona görə problem yaradır ki, normalda Azərbaycan qanunvericiliyinə görə, onsuz da sim kartı şəxsiyyət vəsiqəsi təqdim etmədən ala bilmirik. Hər bir sim kart bir vətəndaşa şəxsiyyət vəsiqəsinə görə verilir. Beləliklə də, hüquqi boşluq yoxdur. Yəni, normalda telefonun kimə məxsus olduğu və ya kimin məsuliyyət daşıdığı bəllidir".
"Burada istifadəçi ilə məsuliyyət daşıma anlayışının çox önəmli fərqi yoxdur. Qanunvericilikdə önəmli olan yaranacaq məsuliyyətə görə şəxsin müəyyən olunmasıdır. Bu da var" — ekspert bildirib.
Onun sözlərinə görə, bu yanaşma xüsusilə də bir ailə içərisində istifadə olunan nömrələrlə bağlı xeyli problem yaradacaq: "Bir ailənin başçısı nömrə alır və sonra da nömrəni istifadə etmək üçün 18 yaşına çatmamış uşağına verir. Bu, cinayət və ya qanunvericiliyə zidd bir hadisə deyil. Yəni, ata və anası uşağı rəsmi şəkildə təmsil edir və onlar da özlərinə məxsus olanı uşağa istifadəyə verə bilər. Buna qanunla qadağa qoymaq hüquqa zidd addımdır".
Ə. Məmmədli əlavə edir ki, hüquqi aspektdən uşaq 18 yaşına çatmayıbsa, telefon alması, müqavilədə tərəf olması mümkün deyil: "O zaman belə çıxır ki, uşaq telefon istifadə etməməlidir. Bu, anormal yanaşmadır. Normalda, şəxsiyyət vəsiqəsini təqdim edib, identifikasiya olunmuş nömrə alırıqsa, bu zaman artıq hər hansı bir boşluq qalmır. Burada da məqsəd telefon üzərindən ola biləcək qanunazidd davranışların müəyyən olunub məsuliyyətə cəlb olunmasıdır. Burada da telefon kimin adınadırsa, o, məlum olacaq".
"Telefon itibsə, məlumat vermək lazımdır. Tutaq ki, nömrəm itib və bir gün ərzində polisə məlumat verirəm. Sonra da o nömrəni oğurlayanlar bundan istifadə etsə, onun məsuliyyətini daşımıram. Bu, məsuliyyətdən azad olunmağım üçün lazımdır. Bu, normal yanaşmadır" – deyə o bildirib.
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, təhlükəsizliklə bağlı məsələdir və hər hansı bir şəkildə kibercinayətlərin artması belə bir məsələni gündəmə gətirib: "Hesab edirəm ki, burada daha çox kibercinayətlərin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulur. Cinayətdən qabaq telefon əlaqələrinin olması faktlarının artması bu məsələdə qanunvericilikdə müəyyən dəyişiklikləri nəzərdə tutur".
"Burada insan haqları baxımından müəyyən epizodlar var ki, müəyyən problemlər yarada bilər. Amma təhlükəsizlik, istintaq əməliyyatlarının daha çevik aparılması baxımından kriminal vəziyyətlərdə hər halda faydası dəyə biləcək addımlardır" — F. Mustafa bildirib.
Millət vəkilinin sözlərinə görə, yəqin ki, abunəçinin identifikasiya modulunun və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə məlumat ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, ya da bununla məşğul olacaq xüsusi quruma bildiriləcək.