Yılmaz Altunsoy, Sputnik Azərbaycan
BAKI, 16 may — Sputnik. Ərdoğanın ABŞ səfəri, Qərb klubu ilə olan əlaqələr baxımından son dərəcə böyük bir əhəmiyyətə malikdir. Obamanın izlədiyi xarici siyasəti davam etdirməyəcəyinə söz verərək prezident seçilən Trampın, Suriyadakı terror qrupları olan YPG/PYD-yə ağır silahlar göndərməyi nəzərdə tutan fərman imzalaması, Amerika siyasətində dəyişiklik olmadığını göstərir. Ən azı indi bu belədir.
ABŞ və NATO, yetmiş ilə yaxın bir zamanda rus istilası təhdidi ilə Türkiyəni qorxudaraq, Rusiya ilə arasında tampon bölgə, yaxud ölkə olaraq istifadə etdi. Onlar indi, Türkiyənin, ənənəvi siyasətini tərk edərək, Qərb ilə Rusiya arasında tarazlıq güdməyə başlamasından son dərəcə narahatdır. Bu narahatlığını isə İŞİD ilə sözdə mübarizə görüntüsü altında, PKK-nın Suriya qolu olan PYD-ni silahlandıraraq ortaya qoyur. Və bu yolla Türkiyəni tərbiyə etməyə çalışırlar. Məqsəd İŞİD ilə mübarizə aparmaq deyil. Əgər belə olsaydı İŞİD ilə mübarizə edən yeganə ölkə Türkiyəyə dəstək vermələri lazım idi. Ancaq Amerika, terrorçularla mübarizədə Türkiyənin yerinə başqa bir terror təşkilatı olan PYD/YPG ilə ittifaqa girir. Bölgəni və dünyanı son dərəcə təhlükəli bir oyunun içinə çəkir.
Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri tam da belə kritik bir zamanda reallaşır. Ərdoğan sözdə müttəfiqi olan ABŞ-dan terror təşkilatlarını dəstəkləməməsini, Suriyanın şimalında terror dövləti qurulmasına yardım etməməsini çox güclü şəkildə tələb edəcək.
Əgər Amerika, bu təhlükəli oyundan geri çəkilməsə, Türkiyəni itirə bilər. Çünki Ərdoğan ABŞ ilə əlaqələrdə vergül deyil, nöqtə qoyma zamanının gəldiyindən bəhs edir. Əgər Qərb, Türkiyənin əvəzinə separatçı kürd terror təşkilatlarını dəstəkləməyə davam etsə, Türkiyə NATO və Avropa Birliyi ilə yollarını ayıra bilər və tamamilə Rusiya ilə əməkdaşlığa gedə bilər. Rusiya ilə əməkdaşlığa gedən bir Türkiyə isə Qərbi tamamilə hövsələdən çıxarda və aqressiv reaksiyalar vermələrinə səbəb ola bilər.
Nəticəsi nə olursa olsun, Türkiyənin cənubunda terror dövləti yaradılmasına rəsmi Ankara icazə verməyəcəyini dəfələrlə dünyaya eşitdirib.
Amerika bu siyasətinə davam etsə, Türkiyə sonuncu variantı işə salıb, bölgədə daha geniş hərbi əməliyyata başlaya bilər. Bu isə, üçüncü dünya müharibəsinin barıtına çaxmaq çəkmək deməkdir. Belə bir müharibə təkcə bölgə ilə məhdudlaşmaz, dünyanı yandırıb külə çevirər.