BAKI, 16 may — Sputnik. 1956-ci ildə, hələ 3 aylıq körpə ikən İngiltərənin Birminqem şəhərində kinoteatrın tualetinə atılan Robert Vetson, 60 ildən sonra ailəsini tapıb. Sputnik Azərbaycan bu barədə "The Sun" qəzetinə istinadən xəbər verir.
Robert Vetsonun tualetdə tapılması hələ o dövrdə qəzetlərin əsas səhifələrində manşet xəbər kimi çıxıb və Britaniyada böyük səs-küyə səbəb olub. Ancaq onun ailəsi heç vaxt üzə çıxmayıb. Vetsona isə onu tapan polisin adı verilib. O, qardaşlarını 60 ildən sonra yüzlərlə kilometr uzaqda —Şotlandiyada tapıb. R.Vetson, başına gələn hadisənin səbəbini də qardaşlarından öyrənib.
Onun bacı və qardaşı deyiblər ki, ataları başqa bir qadına aşıq olaraq ailəsini tərk edib, amma sonra yenidən həyat yoldaşının yanına geri dönüb. Məlum olub ki, Vetsonun əsl anası, onun atasının aşiq olduğu və müvəqqəti yaşadığı qadındır. Lakin həmin qadının yaşayıb-yaşamadığı, harada olduğu bilinmir. Bu uşaqlar isə atasının tərk etdiyi qadının övladlarıdır.
Əvvəlcə kimsəsizlər evində qalan, 7 yaşında isə övladlığa götürülən Vetson, yeni ailəsinin çox yaxşı ailə olduğunu bildirir. Amma buna baxmayaraq, bu illər ərzində genetik ailəsinin harada olduğunu öyrənməyə çalışdığını da söyləyir.
Onun atabir ögey bacı-qardaşını necə tapması da maraqlıdır. O, buna görə 34 yaşlı qızı Emmaya borcludur. Emma, atasının ailəsini tapması üçün "Facebook"da səhifə açıb və bir-birini itirən qohumların yenidən qovuşması üçün DNT məlumatlarından istifadə edən adamla tanış olub. Vetsonun DNT-sini əldə edən həmin şəxs, bazasından istifadə edərək onun ögey bacı-qardaşını tapa bilib.
Vetson illər sonra bacı və qardaşı ilə ilk görüşünü belə təsvir edir: "Bu, nəfəs kəsən an idi. Bacım və qardaşımın xəyal deyil, həqiqət olduqlarını anlamaq üçün onlara toxunmaq lazım idi. Mən sevincimdən uçurdum…"