BAKI, 16 may — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikər müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Dəyişikliyə görə, 1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilir: "Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır".
Digər dəyişikliyə əsasən, 21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir: "Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər".
24-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilir: "Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir".
Layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, hazırkı variantda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda dini təbliğat aparılması qadağan edilir. Mövcud qanunvericiliyə əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.