Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 13 may — Sputnik. Tarixi mənbələrdə 3000 min il yaşı olduğu qeyd olunan Bərdə şəhərində 500-ə yaxın tarixi memarlıq abidəsi mövcuddur. Bunlardan 30-u ölkə əhəmiyyətli abidə hesab olunur ki, biri də İmamzadə Kompleksidir.
Digər adı ilə "İbrahim məscidi" adlandırılan abidənin inşası, təqribən 1200 il əvvələ təsadüf edir. Tarixi məlumatlara görə, Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd Əl Baqirin qız nəvəsi İsmayıl burada dəfn olunub. Həmin dövrdən də yerli müsəlmanların ziyarətgahına çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçisi Hacı Ramazan Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qəbirüstü abidə zamanla bugünkü şəklini alıb. İlk dəfə 12-ci əsrdə türbə və günbəz inşa edilib. Abidənin "İbrahim məscidi" adlandırılması, həmin dövrdə Qafqazın ən iri ticarət mərkəzi sayılan Bərdəyə səfər edən tacirlərdən birinin adı ilə bağlıdır.
"12-ci əsrdə ticarət üçün bura gələn İbrahim adlı bir tacir, insanların bu məzara müqəddəs kimi baxdıqlarının, ziyarət etdiklərinin şahidi olur. Kimin qəbri olduğu ilə maraqlanır. Ona bildirirlər ki, İmam Baqirin qız nəvəsi Şahzadə İsmayılın qəbridir, yəni imamzadədir. Həmin şəxs öz vəsaiti hesabına, məzarı çay daşlarından günbəz formasına saldırır. Həmin dövr mənbələrində yazır ki, İmamzadənin adı o vaxtdan "İbrahim məscidi" qalır" – deyir Ramazan Hüseynov.
İmamzadə indiki görünüşünü 1868-ci ildə alıb. Həmin vaxt abidə Ağdam, Şuşa və Odessa şəhərlərindəki bəzi məscidlərin də memarı olan Kərbəlayi Səfixan Qarabaği tərəfindən yenidən qurulur. Bu həm də Azərbaycanda ilk dördminarəli məscid hesab olunur.
Hacı Ramazan Hüseynovun sözlərinə görə, məscid adlandırılmasına baxmayaraq bura həmişə ziyarətgah kimi istifadə olunub: "Məscid olsa, buranın mehrabı da olar. Bu, sübut edir ki, abidə ziyarətgahdır. İmamzadənin hündürlüyü qədər yeraltı hissəsi də var. Yeraltı hücrələr var. Əvvəllər yeraltı hissəsi də ziyarət olunub, amma indi icazə yoxdur ora girməyə, daşla hörülüb. Hələ də araşdırmağa ehtiyac var. Çünki bizim tariximiz daşın altında qalıb".
İmamzadənin xalq arasında böyük nüfuza sahib olmasını, burada dövrünün görkəmli şəxsiyyətlərinin dəfn olunması da sübut edir. Qacar sülaləsindən Fətəli Şahın nəvəsi, 51 övlad atası olan şahzadə Bəhmən Mirzənin türbəsi də İmamzadə Kompleksinin 20 metrliyində yerləşir. Şahzadənin öz nəvələri də burada dəfn edilib. Qarabağın xan nəslinin nümayəndələrindən bir neçəsinin qəbirləri də İmamzadə Kompleksinin içərisində yerləşir.
20-ci əsrin əvvəllərində, rayonun erməni əsilli rəhbərlərinin göstərişi ilə, restavrasiya adı altında Bərdədəki tarixi abidələrin məhv edilməsinə çalışılır. Prosesdə iştirak edən ustaların əksəriyyəti də milliyətcə erməni olub.
"Daşların üzərinə baxanda görünür ki, burada nəqqaşlıq üslubu var. Hansı ki, daş üzərində nəqqaşlıq ən çətin sənətlərdən biri hesab olunur. Ən çətin xətt "reyhaniyyə" xəttidir. Yəni nöqtəsiz yazılar. Həmin dövrdə burada olan ermənilər, tarixi silmək üçün böyük əhəng quyularında bu daşları yandırıb, tikintidə əhəng kimi istifadə ediblər" — Ramazan Hüseynov bildirir.
Uzun müddət ziyarət olunması qadağan edilən İmamzadə abidəsi, müstəqillik dövründə yenidən ziyarətçilərin istifadəsinə verilir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən abidə üzərində abadlıq işlərinə başlanır. Ziyarətçilər üçün oxunaqlı olsun deyə, daş kitabələrdəki mətnlərin tərcüməsi yazılmış xüsusi lövhələr quraşdırılır. Abadlıq işləri 2015-ci ildə başa çatdırılır.
Hazırda Azərbaycanın nadir memarlıq nümunələrindən hesab olunan Bərdə İmamzadə Kompleksi dövlət tərəfindən qorunur. Məhərrəm ayında, əsasən də Aşura günü buraya xeyli sayda ziyarətçi gəlir.