İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 12 may — Sputnik. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti təkcə torpaqlarımızın 20 faizinin işğalı ilə yekunlaşmır. Bundan əlavə, düşmən hər sahədə ölkəmizə qarşı təxribat törədir. Bu sahələrdən biri də kənd təsərrüfatıdır.
1993-cü ildə Ağdərə rayonunun işğalı ilə, burada yerləşən Sərsəng Su Anbarı da düşmənin nəzarətinə keçdi. Hansı ki, bu su anbarı Respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Lakin ermənilərin neçə illərdir anbarın suyunu qışda buraxaraq, yazda kəsməsi sözügedən rayonlarda suvarma ilə bağlı ciddi problemlər yaradıb. Su probleminin həlli üçün bu ərazilərdə mütəmadi olaraq artezian quyuları qazılsa da, onlar hələ təsərrüfatçıların suvarma tələbatını ödəməyə yetərli deyil. Bunun üçün də əhali yeni alternativlər axtarır.
Yevlax rayonu Qaramanlı kənd sakini Ramil Ağayev isə bu istiqamətdə bir ilkə imza atıb. O, bölgədə ilk dəfə olaraq susuzluğa davamlı noxud bitkisi əkməyə qərar verib. Nəticədə istifadəsində olduğu 20 ha ərazinin yarısını noxud əkini üçün ayırıb.
Mart ayının əvvəllərində səpilən noxud, hazırda 20-30 sm hündürlükdədir. Azərbaycanda, əsasən cənub zonası üçün xarakterik olan bitkinin toxumunu fermer 5-6 manata əldə edib. Hektara 80 kq toxum əkildiyini deyən Ramil Ağayev, iyun ayının 15-ə artıq məhsulun yığıma hazır olacağını bildirir.
"Neçə illərdir vaxtında suvarılmama səbəbindən əkin sahələri quruyur və əziyyət çəkirdim. Bu səbəbdən suyadavamlı olan noxud əkininə üstünlük verdim" – deyir həmsöhbətimiz.
Ağayevin sözlərinə görə, ilk dəfədir bu ərazidə noxud əkilir: "Noxudu demək olar ki, suvarmaq lazım gəlmir. Noxudun bir üstünlüyü də ondadır ki, bu, həm də torpağa gübrə verir. Noxud əkilən ərazinin torpağı çox güclənir".
O, bu il noxuddan istədiyi məhsulu götürəcəyi təqdirdə, gələn il əkin sahəsini daha da genişləndirmək fikrindədir.