BAKI, 12 may — Sputnik. Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərliyi ilə dünya şöhrətli “Betty Productions Ltd” tərəfindən yaradılmış və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə həyata keçirilir.
İlk olaraq stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səslənib. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxıb. Onlar əllərində parıldayan altıbucaqlı tutublar. Azərbaycan Dövlət Rəqs Ansamblının 7 metrlik ipək zolaqları yellədən 10 rəqqası onlara qoşulub.
Səhnədə aypara və ulduzlar formalaşdırılıb, “Bakı-2017”nin loqosu nümayiş etdirilib. Altıbucaqlar Azərbaycan bayrağına çevrilib.
Stadionda Azərbaycanın Dövlət himni səslənib.
Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilib və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılıb. Stadionu “Şanlı Vətən” nidaları bürüyüb.
Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.
Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərilib.
Suları toplayan 16 uşaq səhnəyə çıxıblar.
Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaldıblar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başlayıb.
Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatıb.
Daha sonra atletlərin paradı başlayıb. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olub. İdmançıları əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edib.