BAKI, 11 may — Sputnik. Son zamanlar müxtəlif işə düzəltmə şirkətlərinin, kosmetika firmalarının iş elanları ilə tez-tez qarşılaşırıq. Ötən gün isə əməkdaşımız daha bir maraqlı iş elanı ilə qarşılaşıb. Elanda daha əvvəl rəhbər işlərdə çalışmış şəxslər işə dəvət edilir.
Sputnik Azərbaycan-ın əməkdaşı elanda verilən telefon nömrəsi ilə əlaqə saxlayıb. Telefona cavab verən xanım Elçin müəllimin iclasda olduğunu bildirdikdən sonra deyib ki, ofisə satış təmsilçisi, ofis meneceri, kadrlar şöbəsinə işçilər lazımdır: "Hər gün saat 11.00–a kimi seçim turu keçirilir və seçilən şəxslər işlə təmin edilir. Ali təhsil və yaş önəmli deyil. Bizə potensiallı şəxslər lazımdır. Şirkətimiz xarici sağlamlıq şirkətidir".
Şirkət əməkdaşı bildirib ki, əmək haqqı da seçim turundan sonra bəlli olacaq. Yəni, onların öncədən iş, əmək haqqı barəsində danışmağa ixtiyarları yoxdur: "Şirkətimiz Sahil metrosu yaxınlığında yerləşir. Əgər istəsəniz əlaqə saxlayın, sizi qeydə alaq və sabah saat 10.00-11.00 arası şirkətimizə gəlin, seçim turuna qatılın. Gələndə özünüzlə şəxsiyyət vəsiqəsi və əgər varsa diplomunuzu gətirin".
Elanda niyə keçmiş rəhbər işçilərin işə dəvət edildiyini soruşduqda, şirkətin əməkdaşı bildirdi ki, onlar üçün şəxslərin daha öncə hansı işlərdə işləməsinin fərqi yoxdur, əsas işçinin potensiallı olmasıdır. Elanın elə verilməsi isə diqqət çəkmək üçün nəzərdə tutulub.