Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 may — Sputnik. Beyləqan və Füzuli rayonlarında zəlzələ olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ bir neçə saat əvvəl baş verib.
Beyləqan rayonundan verilən məlumata görə, yeraltı təkanların 5-5.5 bal gücündə olduğu ehtimal edilir. Sakinlərin sözlərinə görə onlar hələ də təşviş içindədilər və evlərini müvəqqəti olaraq tərk etməyə məcbur olublar.
Zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmasa da, Beyləqan rayon sakini Təhminə Əliyeva qorxaraq evin eyvanından tullanarkən ciddi zədə alıb. Əhali hələ də qorxu içində gözləyir və evlərinə daxil ola bilmir.
Onu da qeyd edək ki, zəlzələ İranda baş verdiyinə görə, ora yaxın Azərbaycan rayonlarında daha çox hiss olunub. Bu gün səhər saatlarında Saatlı, Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Bərdə və Ağdam rayonlarında da zəlzələ qeydə alınıb.