BAKI, 11 may — Sputnik. Bir neçə gün öncə Türkiyə mətbuatında estetik əməliyyat qurbanı olmuş Mərvə Keleş adlı qadın müzakirə edilirdi. Qadının iddiasına görə, özünü həkim kimi təqdim edən, əslində saç ustası olan Söner G.-yə 500 lirə verərək, dodaqlarına silikon vurdurub.
Amma dodağındakı silikon bir həftəyə əridiyi üçün, Mərvə bu dəfə 1000 lirə verərək dodaqlarına yenidən silikon vurdurur. Bir müddət sonra isə qadının dodaqları, üzü şişib və qızarıb. Həkimlər qadının dodağına vurulan mayenin tərkibini müəyyən edə bilmədiyi üçün hazırda Mərvə dodaqlarını itirmək təhlükəsi altındadır.
Azərbaycanda da tibb müəssisələrindən kənarda, gözəllik salonlarında dodaqların böyüdülməsi, qırışların açılması əməliyyatları həyata keçirilir. Və risk edərək bu əməliyyatlara gedən qadınların heç birinin sağlamlığına zəmanət yoxdur. Yəni, "ucuzdur" deyib, tibb müəssisələri əvəzinə gözəllik salonlarına üz tutan qadınlar bunu edərkən iki dəfə düşünməlidirlər. Çünki…
Plastik, rekonstruktiv və estetik cərrah İlyas Axundzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, silikon anlayışı çox səhv bir anlayışdır, amma təəssüf ki, dilimizə sirayət edib: "1950-ci illərdə Amerikada maye silikondan istifadə pik həddə çatmışdı və hər yerdə istifadə edilirdi. 1960-cı illərdə bunun bir çox fəsadları ortaya çıxdı. Bundan sonra həm Amerikada, həm də Avropada maye silikon qadağan edildi".
Həkim bildirir ki, qabaqcıl ölkələrdə qadağan edilən maye silikonlar bu dəfə Rusiyanın kəndlərinə ayaq açır və geniş istifadə edilir. Təəssüf ki, zamanla Azərbaycanda da özünə müştəri tapır.
Hazırda maye silikon müxtəlif adlarla, ən çox da biopolimer adı ilə çox ucuz qiymətə satılır. Buna görə də xanımlar dodaqlarını böyütmək və qırışları açmaq üçün maye silikondan istifadə edirlər. Baxmayaraq ki, bütün ölkələrdə ondan istifadə, onun dəri altına yeridilməsi qadağan edilib.
İ. Axundzadə qeyd edir ki, dodaqları böyütmək və qırışıqları açmaq üçün xüsusi dolğu maddələrindən də istifadə edilir. Bunlardan ən məşhuru bütün ölkələr tərəfindən bəyənilmiş hialuron turşusu əsasında olan dolğu maddələridir.
"Bu maddələr müxtəlif adlarla satışa çıxarılır. Bu dolğu maddələri nazik və qalın qırışıqları aradan qaldırmaq və dodaqları şişirtmək üçün istifadə edilir. Bunlar xüsusi iynələrlə vurulur, vurulduqdan sonra təxminən 6-12 ay ərzində bədən tərəfindən sovrulur" — həkim bildirir.
Onun sözlərinə görə, hialuron turşusu bizim qidalarımıza uyğun tərkibdə olduğu üçün bədən buna xüsusi reaksiya göstərmir: "Və bu dolğu səhv vurulsa, xəstənin xoşuna gəlməsə belə, 6 aya çəkildiyi üçün böyük problemlərə səbəb olmur".
Mütəxəssisin dediyinə görə, hialuron turşusundan başqa polilaktik və hidroksiapatit əsasında olan dolğu maddələri də var: "Amma bu maddələr ölkəmizə az gətirilir və xüsusi göstərişlərlə xəstələrə vurulur. Məsələn, QİÇS xəstəliyinə yoluxmuş insanlarda belə dolğu maddələrindən istifadə edilir. Bu kimi xəstələrin üzü tez solduğu üçün üzü canlandırmaq məqsədilə bu maddələrdən istifadə edilir".
İ. Axundzadənin sözlərinə görə, əvvəllər kallogen dolğu maddələri olsa da, artıq bu maddədən istifadə edilmir: "Ancaq bəzi gözəllik salonlarında qiymət baxımından ucuz olduğu üçün biopolimer və s. dolğu maddələrindən istifadə edilir. Bu da bir çox problemlərin ortaya çıxmasına səbəb olur".
"Silikon yad maddədir və o, bədənə vurulduqda, bədən onun ətrafında çəpər hörməyə çalışır və çox sərt çapıq toxuması əmələ gəlir. Bu nahiyəyə kifayət qədər qan gələ bilmədiyi üçün burada müqavimət azalır, hər cür infeksiya, hər cür mikrob bura daxil olub iltihab yarada bilir. Nəticədə, silikonun vurulduğu nahiyədə deformasiya yaranır. Əyilmə əmələ gəlir, irinləyir, axıntı verir. Nəticədə xəstə özünə gözəllik əvəzinə yeni bir problem qazanmış olur" — müsahibimiz vurğulayır.
Həkim qeyd edir ki, silikonun müxtəlif növləri var: "Maye silikon, sərt silikon və yarımsərt silikonlar. Maye silikon təbabətdə dəri altına vurulmaq üçün qadağan edilib. Sərt silikonun içinə maye silikonu doldurub, yəni onun ətrafla əlaqəsini tamamilə kəsərək, silkon implantlar kimi istifadə edilir".
"Belə silikonlardan süd vəzilərini, sağrıları, ayaqları böyütmək üçün istifadə edilir. Bildiyimiz kimi, silikon qapı, pəncərə və s. tikinti işlərində istifadə olunan maddədir. Təbabətdə isə daha çox təmizlənmiş və sərt silikonun içinə doldurulmuş maye silikondan istifadə edilir. Maye silikonun tək istifadəsi qadağandır" — Axundzadə əlavə edir.
O bildirir ki, dolğu vurulması cərrah, dermatoloq və ya bunun xüsusi təhsilini almış insan tərəfindən aparılmalıdır: "Dolğu vurulması çox asan bir proses kimi görünsə də, bunun çox böyük fəsadları ola bilər. Maye silikon, biopolimer və buna bənzər maddələr birmənalı olaraq vurulmamalıdır və vurularsa, problemlərə yol açır. Təbii dolğu vurulsa belə, vuran insan bunun qaydalarını bilmirsə, müxtəlif problemlərə yol aça bilər".
Son olaraq qeyd edək ki, biopolimerin qramı 40-50 manat, təbii dolğunun qramı isə 200 manat və daha baha qiymətə vurulur.