Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 10 may — Sputnik. "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla tanınan Fransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov…
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz 1920-ci ilin 22 sentyabrında Şəki rayonunun Oxud kəndində anadan olub.
Oxud kənd sakini Aydın Camalov qəhrəman haqqında xatirələrini Sputnik Azərbaycan-a danışıb: "Əhmədiyyə dayı bir insan kimi çox gözəl xarakterə malik idi. Həmyerlilərinin qayğısına qalan, əziyyətini çəkən, həmişə kəndlilərin dərdləri, problemləri ilə maraqlanan, kəndlilərin zəhmətini qiymətləndirən insan olub. Kəndlilər də ona çox hörmət edirdilər. Görünüşcə çox zəhmli insan idi. Kənd qadınları ondan çox çəkinirdilər. Fransa lideri, general Şarl de Qolla yaxın dostluqları olub. Bu səbəbdən də mənim babamgil ona "De Qoll Əhmədiyyə" deyərdilər. Şarl de Qoll Fransa prezidenti olanda Əhmədiyyə Cəbrayılovu "Fəxri legion" ordeni ilə təltif edir. Ona şəxsi ev, prezident dəftərxanasında vəzifə təklif edir. O isə prezidentdən yalnız Azərbaycana qayıtmasında köməklik göstərməsini xahiş edir".
Beləliklə, Fransa xalqının qəhrəmanı, alman faşizminə qarşı sonadək mübarizə aparan sovet partizanı "Xarqo" vətəni Şəkiyə qayıdır və ömrünün sonuna qədər də doğma kəndi Oxudda yaşayır. "Ümumiyyətlə, vətənpərvərlik genlə gəlir. Cəbrayılovların genində vətənpərvərlik var idi. Əhmədiyyə dayıgil altı qardaş olublar. Onlardan dördü müharibədə həlak olub. Əhmədiyyə dayının oğlu — Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov da 1992-сi ildə Qarabağ uğrunda döyüşlərdə həlak oldu. Qarabağda həlak olan oğlu Mikayılın yasına gələnlərdən kimsə titrəyən əlini Əhmədiyyə dayıya uzadır və "o, mənim oğlum kimi öldü" deyir. Əhmədiyyə dayı o kişinin titrəyən əlini elə möhkəm sıxır ki, kişilərin gözündən yaş axır" – deyə Aydın Camalov bildirir.
Onun sözlərinə görə, Əhmədiyyə Cəbrayılov öləndə Şəkidə üçgünlük matəm olur. Hərçənd, heç kəs bu haqda elan verməmişdi.
Əhmədiyyə Cəbrayılov II Dünya Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Aviasiya məktəbində hazırlıq keçir, bombardmançı eskadrilyaya təyin olunur. 1942-cidə onun təyyarəsi Kursk ətrafında vurulur. O, ağır yaralanır və almanlara əsir düşür.
1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olub. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər. Azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla görüşür.
Əhmədiyyə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirilib. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olub. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanıb və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə alıb. Albi şəhərinə hərbi komendant təyin olunan Əhmədiyyə bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürüb, bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verib. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.
1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenləri ilə təltif olunur. Şəxsi igidliyə görə "Hərbi medal"la təltif edilir. 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində mükafatlarının bir hissəsi əlindən alınır.
1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirir və o, Moskvaya çağrılır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və ona bəraət verilir.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.
Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir. 1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur. 1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir…
Milli qəhrəmanın həmyerlisi Əhmədiyyə Cəbrayılov haqda tarix dərsliklərində dolğun məlumatın olmamasından şikayətlənib: "Təəssüf ki, tarix dərsliklərində Ə.Cəbrayılov haqqında çox az məlumat var. Başqa ölkələrin qəhrəmanlarına dərsliklərimizdə daha çox yer verilir, nəinki öz qəhrəmanlarımıza. Dərsliklərin hazırlanması və tərtibatı ilə məşğul olan aidiyyatı qurumların bu nüansa xüsusi diqqət ayırması vacibdir. Əks təqdirdə gənc nəsil milli qəhrəmanlarımızı tanımayacaq" – deyə kənd sakini bildirir.
Onun fikrincə, torpaqlarımıza göz dikən mənfur düşmənə tutarlı cavab vermək üçün tariximizi dərindən öyrənməli, qəhrəmanlarımızı yaxşı tanımalıyıq.
"Danılmaz faktdır ki, ermənilər tarixi saxtalaşdırmaqla beynəlxalq rəyi öz mənafelərinə uyğun şəkildə təhrif etməyə çalışır, bu istiqamətdə ən iyrənc yollara belə əl atmaqdan çəkinmirlər. Onlar bir neçə il əvvəl "Vikipediya"da Əhmədiyyə Cəbrayılov barədə rus dilində dərc olunan məlumatların silinməsinə nail olublar. Bu fakt bir daha qəhrəmanlarımızın daha yaxşı təbliğ edilməsi zərurətini ortaya çıxarır" – deyə Camalov bildirib.