BAKI, 10 may — Sputnik. Ukraynanın paytaxtı Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan təmsilçisi Diana Hacıyeva uğurla çıxış edərək finala vəsiqə qazanıb.
Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizi təmsil edən Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq "Skeletons" mahnısını ifa edib.
"Dihaj" təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.
Birinci və ikinci yarımfinalların hər birində 18 ölkə finala keçmək uğrunda yarışır. Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış ediblər.
Finala daha çox səs toplamış 10 ölkə — Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika vəsiqə qazanıb.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirib. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunub.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr — müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.