BAKI, 8 may — Sputnik. Avropaya doğru nizamsız mühacirətin ən çox müşahidə edildiyi Liviya ilə İtaliya arasında çox sayda insan itkisinin olduğu yeni bir faciə baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, İtaliyanın sahil mühafizəsinə aid Fiorillo gəmisinin ötən gün dənizdən xilas edərək bu gün Pozzallo limanına gətirdiyi mühacirlər, bölgədə yeni bir faciənin yaşandığını üzə çıxarıb.
Mühacirlər öz ifadələrində bir neçə gün əvvəl Liviyadan 120 nəfərlə Aralıq dənizinə çıxdıqlarını, lakin bir müddət sonra yükün həddindən artıq olması səbəbindən gəmiyə su dolduğunu və gəminin batdığını anladıb. Dənizə düşən mühacirlərdən 40 nəfərə yaxını xilas edilsə də, 80 nəfərin dənizdə can verdiyi bildirilib.
Hadisə ilə bağlı Ragusa prokurorluğunda araşdırmaya başlanılıb.