BAKI, 8 may — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə dini icmalar arasında "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, mərasimdə DQİDK, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, dini icmaların rəhbərləri, üzvləri, eləcə də ziyalılar və gənclər iştirak edirdi.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra milli-dini dəyərlərin qorunması, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsi, ölkədə vicdan azadlığının bərqərar edilməsi istiqamətində gördüyü işlərdən danışdı: "Bəzi insanların doğulması bir xalqın qaranlıqdan, çətin vəziyyətdən çıxmasına xidmət edir. Heydər Əliyev Azərbaycanda nəinki iqtisadi sahənin, eləcə də elmin, ədəbiyyatın, incəsənətin inkişafı üçün zəmin və şərait yaratdı".
Xatırladaq ki, artıq beşinci dəfədir ki, dindarlar arasında bu müsabiqə keçirilir. Müsabiqəyə ümumilikdə 43 yazı təqdim olunub və onların arasından birinci, ikinci və üçüncü yerlər olmaqla qaliblər seçilib. Tədbirin sonunda qaliblərə mükafatlar təqdim edilib.