İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Oğuzun Kərimli kəndində "Hökmdar məzarlığı” adlanan 19 kurqanın indiki vəziyyəti nə hökmdarların adına layiqdi, nə də müasir dövrün insanlarının. Baxımsız vəziyyətdə olan, kurqanlar yerləşən ərazidə insanlar əkin-biçin həyata keçirir. Bununla da tarixi abidə üzərində hər gün təsərrüfat işləri üçün qazıntı aparılmış olur. Ancaq, abidənin problemləri bununla yekunlaşmır. Tarixə olan biganəlik özündə önəmli izlər daşıyan abidələrin məhv olmasına, tarixin müəyyən bir dövrünün silinməsinə səbəb ola bilər. Üstəlik də bununla turistləri cəlb edərək, qazanacağımız gəlirdən məhrum olmuş oluruq.
Oğuz rayonunun Kərimli kəndi ərazisində aşkar edilən e.ə. 16-14-cü əsrlərə aid kurqanlar baxımsız vəziyyətdədir. Son tunc dövrünə aid olduğu ehtimal edilən kurqanlar zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələrini özündə daşıyır. Ancaq kurqanların yerləşdiyi ərazi əkin üçün istifadə olunduğundan abidələrin məhv olmaq təhlükəsi də artır. Ərazidə yerləşən 19 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Digər kurqanlarda aparılacaq qazıntılar tarixin əhəmiyyətli izlərinin ortaya çıxacağından xəbər verir. Abidə bərpa olunduqdan sonra turizm marşrutuna da salına bilər. Hələlik turizm marşrutuna daxil edilməsə də kurqanlar bura gələn turistlərin marağını cəlb edir. Ancaq kurqanların yerləşdiyi əraziyə aparan yolun bərbad vəziyyətdə olması bura yolu düşənləri peşman edir. Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verir, yaşanmış tərəqqini izah edir və ən əsası tariximizin izlərini özündə daşıyır. Odur ki, tarixi dəyərlərimizə nə qədər gec deyil sahib çıxmalıyıq. Əks təqdirdə tarix bizi bağışlamayacaq.
Xatırladaq ki, bu günə kimi rayon ərazisində 40-dan artıq tarix mədəniyyət arxeoloji abidələr qeydə alınıb.