BAKI, 6 may — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yaylb.
Şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, birgə açıqlamada deyilir:
“3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir) tərəfindən törədilməsi müəyyən edilib. Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib. Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A. Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs — Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə — azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Mayın 3-də Bakıda saat 16.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.
Ağaəli Fərəclinin atası biznesmnen Füzuli Fərəcovdur.