İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 6 may — Sputnik. Bəşər tarixinin ən dəhşətli səhifələrindən olan Böyük Vətən müharibəsinin bitməsindən 72 il ötür. 1945-ci ilin 9 mayında faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın da on minlərlə oğul və qızı canından keçib, fədakarlıq, şücaət göstərib.
Onların arasında Ağayev Niyaz Məsim oğlu da olub. O, cəbhədə gedən ağır döyüşlərin canlı şahidlərindəndir. Şəxsiyyət vəsiqəsinə görə, 92 yaşı var. Orada göstərilir ki, 1924-cü ildə İsmayıllı rayonunun Mican kəndində anadan olub. Əslində isə 1919-cu ildə anadan olub.
Orta məktəbə gec gedib. Müharibə başlayanda isə 9-ci sinif şagirdi imiş. Həmin an indiki kimi xatirindədir. "Müharibə getdikcə şiddətlənirdi. Əli silah tutanlar cəbhəyə yollanırdılar. Geridə isə yalnız uşaqlar, qadınlar, qocalar və hərbiyə yararsız insanlar qalmışdı" — deyir.
Məktəbli olmasına baxmayaraq Niyaz Ağayev kəşfiyyat bölüyünə təyin olunur. O günləri xatırladıqca kövrəlir: "Bütün çətinliklərə baxmayaraq, inamımız vardı – qələbəyə, rəhbərə, silahdaşlarımıza və öz gücümüzə. Düşmən silah və texnika baxımından bizdən üstün idi, amma bizim ürəyimiz, inamımız daha üstün idi. Sovet əsgərində olan şücaət almanlarda yox idi".
Müharibədə göstərdiyi şücaətə görə, "İgidliyə görə" medalı ilə təltif olunub. İndi ömrünün ahıl çağını yaşayan qəhrəman, dövlətin diqqət və qayğısından razılıqla danışır. Dövlət tərəfindən ona avtomobil də hədiyyə edilib.
Beləcə Niyaz babaya İkinci Dünya Müharibəsindən geriyə xatirələr, medallar, fəxri fərmanlar qalıb…