Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank manatın aşağı və yuxarı "qırmızı xətlərini" belə müəyyənləşdirib

Abunə olmaq
Ekspert: "Mərkəzi Bank 1.70-1.95-i özünə dəhliz kimi seçib və bu ilin sonunadək bu dəhlizdə qalmağı düşünür"

BAKI, 5 may — Sputnik. "Bu gün baş verən proseslər dollara olan tələbatın süni şəkildə azaldılması və iqtisadi aktivliyin azalması ilə izah edilə bilər. Çünki Mərkəzi Bank son 3 ayda əlində olan bütün alətlərdən çox sərt şəkildə istifadə edərək sərbəst manat kütləsini azaltmağa doğru addımlar atır və dövriyyədə olan manatın həcmini azaldır. Maliyyə Bazarlarına Nəzarət Palatası isə nağdlaşmaya xeyli qadağalar qoyub".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bütün bu inzibati addımlar manat dövriyyəsinin azalmasına və dollara olan tələbatı tənzimləməyə xidmət etsə də, bu, müvəqqətidir: "Çünki keçən illərdə inzibati yollar ilə məzənnənin uzun müddət tənzimlənməsinin fəsadlarını yaşadıq. Elə məhz onun nəticəsi idi ki, ölkədə 2 kəskin devalvasiya baş verdi. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərib. Bu ilin ilk rübündə idxalımız təqribən 17 faizə yaxın azalıb. Bu, idxaldan asılılığın azalması demək deyil, alıcılıq qabiliyyətinin aşağı düşməsidir ki, iqtisadi aktivliyin azalması nəticəsində idxal mallarına tələbat azalıb. Bu da yaxşı bir məsələ deyil. Çünki ölkədə iqtisadi fəallığın azalması insanların gəlirlərinin azalmasına gətirib çıxardır".

Ekspertin fikrincə, bu addımların nəticəsi olaraq müvəqqəti olaraq manatın sabitləşməsinə nail olunub: "Görünən də odur ki, Mərkəzi Bankın bir "qırmızı xətt"i var və rəsmi məzənnəni 1.70-dən aşağı salmaq istəmir. Bu, Mərkəzi Bankın və hökumətin planlarına da uyğun deyil. Çünki büdcənin böyük bir hissəsi Neft Fondunun vəsaitləri hesabına formalaşır və o vəsaitləri daha ucuz məzənnə ilə dəyişib, manata çevirib büdcəyə ötürmək də sərf etmir".

"Artıq 1 aydan çoxdur ki, Mərkəzi Bank rəsmi məzənnənin sanki bir "qırmızı xətt" kimi 1.70-dən aşağı düşməsinə imkan vermir. Önümüzdə yay ayları var. Bu aylarda ölkədən gedən turist sayı, yəni, vətəndaşların xaricə getməsi ortalama təqribən hər il 600-700 min civarında olur. Turist olaraq ölkədən gedən insanların sayının artması dollara olan tələbatın da artmasına səbəb ola bilər" — Cəfərli bildirib.

Onun sözlərinə görə, payız aylarında isə daha ciddi addımlar gözlənilir: "Dünyada baş verən proseslərin manata təsirinin artması gözlənilir. ABŞ Mərkəzi Bankı — FED ilin sonunadək daha 2 dəfə faiz artırmağı düşünür. Həm də neftin qiymətlərinə böyük təzyiq var. Neft qiymətləri son 1 ayda təqribən xeyli aşağı düşüb və növbəti enmələr gözlənilir. Çünki son zamanlarda ABŞ-da çox böyük hasilat artımı nəzərə çarpır".

© facebook/Nazim MammadovNazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Nazim Məmmədov - iqtisadçı-ekspert

Ekspertin fikrincə, ola bilər ki, payız aylarında manatın daha ciddi şəkildə dəyərdən düşməsi baş versin: "Amma Mərkəzi Bankın bir üst "qırmızı xətt"i də var. Düşünürəm ki, Mərkəzi Bank məzənnənin 2 manatı keçməsinə imkan verməyəcək. Manat bu ilin sonunadək indiki 1.70-dən 1.92-95 hədlərinə qədər ucuzlaşa bilər. Amma kəskin ucuzlaşmanın olması ehtimalı azdır. Mərkəzi Bank 1.70-1.95-i özünə dəhliz kimi seçib və bu ilin sonunadək bu dəhlizdə qalmağı düşünür".

Keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında manatın məzənnəsinin proqnozlaşdırılmasının çətin məsələ olduğunu deyib: "Bunu inzibati yol kimi qiymətləndirirəm. Tam bazar prinsipləri hökm sürmür. Ona görə də, proqnozlaşdırmaq çətindir. Çünki tam üzən məzənnə və yaxud üzən məzənnə deyilsə də, adətən bazarda əsas satıcılar Dövlət Neft Fondu və Mərkəzi Bankdır".

"Son aylarda daha çox Neft Fondunun vəsaiti satışa çıxarılıb. İxracımızın 94 faizə yaxını neft və neft məhsulları təşkil edir. Ancaq digər sahələr ilə bağlı ixracatımız az olduğuna görə satıcılar azdır" — Məmmədov qeyd edib.

İqtisadçının sözlərinə görə, bir müddət valyutanın kursunun sabit qalması istehlakçılara sərf edir: "Normal vəziyyətin davam etməsi üçün iqtisadi fəallıq artırılmalıdır. Yay aylarında insanlar xaricə getməyə daha çox üstünlük verirlər. O zaman dollara tələbat artacaq. Əgər ciddi müdaxilə olmazsa, tələbat artdıqca, dolların kursu da azacıq arta bilər".

"İlin sonuna yaxın Azərbaycan banklarının xarici borclar üzrə öhdəlikləri daha çox dövriyyəyə girir. O zaman yenidən dollara ehtiyac artır və dolların kursunun artacağı proqnozlaşdırılır. Hazırda ölkədə ciddi iqtisadi fəallıq görünmür. Hesab edirəm ki, Neft Fondu növbəti aylarda bu müdaxiləni dayandırsa, dolların kursu arta bilər" – deyə o vurğulayıb.

Xəbər lenti
0