BAKI, 5 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam əksər rayonlarda yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Nazirlik xəbərdar da edir: Mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.