CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilər azərbaycanlı ustanın əl işlərini "yerə düşməyə" qoymurlar

© Sputnik / Rahim MuradovRüfət Rzayev
Rüfət Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Rzayev: "Nə qədər ki, canımda qüvvə var, bu sənəti yaşadacağam"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Astaranın Kakalos kənd sakini Rüfət Rzayev, uzun illərdir həsir toxumaqla yanaşı, həsirdən zənbil, tərəzi, şlyapa, səbət və sair məmulatlar da hazırlayır. Kakalos Kənd Folklor Evində metodist işləyən Rüfət Rzayev, həsir və həsirdən hazırlanan məmulatları mərhum anasından öyrəndiyini deyir.

"Əvvəllər Astarada həsirçi çox olardı. Bizim rayonda cürbəcür çeşiddə həsir toxuyanlar var idi. Təqribən hər kənddə 20-30 nəfər adam bu sənəti bilirdi. Qabaqlar tələbat da həddən artıq çox idi" – həmsöhbətimiz bildirir.

Dediyinə görə, bu sənəti həvəskar kimi öyrənib: "Rəhmətlik anam Balabacı xanım evdə özümüzün istifadəmiz üçün həsir, zənbil, şlyapa, səbət, sonra bağda işləməyə gedəndə yeməyi aparmaq üçün həsirdən süfrə toxuyardı. Yəni yeməyi içərisinə qoyardıq, onun kənarlarında xüsusi bağlama yeri var, oradan iplə bağlayıb özümüzlə daşıyardıq".

Və o, anasına kömək üçün zənbil, həsir toxumağa başlayır: "Bunları toxumaq üçün may ayında gedib pizə, lığ yığırdıq kəndin kənarında olan su hövzəsindən. Onlar 2 həftəyə quruyur. Quruyub qızılı rəng alandan sonra isə, ya həsir, ya zənbil, ya da başqa bir şey toxuyuruq".

"Bizim zona rütubətlidir. Həsir hər evdə qabaqlar var idi. Yerə taxta döşəmə vurmazdılar. Palçıq, üstündən gil qatı, üstündən 2 qat həsir və palaz. Beləcə evə nəmişlik girməzdi. Həsir nəmişliyin qarşısını çox alır. Həsirdən hazırlanan zənbilin fərqi isə həm çox yük tutması, həm də gündəlik məişətdə istifadə edilən polietlin torbalardan daha zərərsiz olmasıdır" – deyir Rüfət usta.

© Sputnik / Rahim MuradovRüfət Rzayev 28 ildir ki, həsir və həsirdən olan digər əşyalar toxumaqla məşğuldur
Rüfət Rzayev 28 ildir ki, həsir və həsirdən olan digər əşyalar toxumaqla məşğuldur - Sputnik Azərbaycan
Rüfət Rzayev 28 ildir ki, həsir və həsirdən olan digər əşyalar toxumaqla məşğuldur

Danışır ki, əvvəllər evlərdə ərzaqların çoxunu həsirdən olan zənbil və ya səbətlərdə saxlayardılar: "Bir ara zənbillərə maraq çox azaldı. Alanların çoxu yaşlı adamlar idilər. Amma bir neçə ildir ki, yenidən maraq artıb. Hətta cavanlar da zənbillərdən çox istifadə etməyə başlayıblar. Bəzi ailələr də var ki, nişanlı qızlar üçün xonça aparanda ya həsir səbətə, ya da zənbilə yığırlar".

Rüfət Rzayevin sözlərinə görə, lığdan hazırlanan istənilən materialı sudan qoruduqda, 100 ilə kimi qalması mümkündür: "Həsirdən hazırlanan zənbil, səbət və ya papaq eyni üsulla toxunulur. Zənbili toxumaq üçün "keşi" adlanan lığdan lent toxunur. Keşinin eni təqribən 5-7 sm olur, uzunluğu isə toxunacaq zənbil, səbət və yaxud şlyapanın ölçüsündən asılıdır. Keşinin kənarlarını biri-birinə tikməklə hazırlayırıq. Keşini tikəndə isə lığdan hazırlanan ipdən istifadə edirik".

"Zənbil və ya səbətin sıx, yoxsa bir azca boş olması da keşinin kənarlarının bir-birinə necə tikilməsindən asılıdır. Keşini tikərkən xüsusi üsuldan istifadə edirik. Bu, xüsusi tikiş üsuluna riayət edilməzsə, toxunan səbət və ya zənbil, yaxud şlyapalar qırış olacaq" – deyir usta.

Əlavə edir ki, cənub zonasında çayçılıq inkişaf etdiyi üçün, insanlar saatlarla açıq havada tarlada çalışırlar: "Tarlalarda işləyənlər üçün həsir şlyapalar əvəzsizdir. Şlyapanın başa qoyulan hissəsini gözəyarı üsulla toxuyuruq, kənarlarını isə 4 barmaqla ölçərək enini təyin edirik. Bir zənbil, ölçüsündən asılı olaraq 2-3 günə, şlyapa isə təxminən 30 dəqiqəyə başa gəlir".

Rüfət Rzayev 28 ildir ki, həsir və həsirdən olan digər əşyalar toxumaqla məşğuldur. Dediyinə görə, sərgilərdə nümayiş etdirilən əl işlərinin əsas alıcıları xarici vətəndaşlardır. Yerli sakinlərdən isə ən çox tələbat zənbilə və lığ tərəziyədir.

Zənbillərin qiyməti, ölçüsündən asılı olaraq 3-5 manat arasında dəyişir, lığ tərəzilərin qiyməti isə 2-5 manat arasındadır. "Nə qədər ki, canımda qüvvə var, həsir toxuma sənətini yaşadacağam və öz davamçılarıma bu sənətin sirlərini öyrədəcəyəm. Bu sənəti gələcək nəsillərə ötürmək istəyirəm" – deyir…

Xəbər lenti
0