BAKI, 5 may — Sputnik. Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulanıb. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub.
Azərbaycanda yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mali Prezidenti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər sürətli inkişaf yolu keçərək dünyada böyük nüfuz qazandığını diqqətə çatdırıb. Prezident İbrahim Boubakar Keita ölkəmizdə keçirilən seçkilərdə dövlətimizin başçısının yüksək səs qazanmasının xalqın Azərbaycan Prezidentinə inamının və etimadının göstəricisi olduğunu diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edən Mali Prezidenti Bakının dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini vurğulayıb.
Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirib. Mali Prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini qeyd edib.
Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının önəmini qeyd edib.