BAKI, 5 may — Sputnik. SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə dünyaya gəlib.
Adil İsgəndərov A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alaraq Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədən bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırıblar.
İsgəndərov bir müddət “Azərbaycanfilm”in direktoru işləyib.
O, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
Ağır təbiətli insan olan İsgəndərov həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş edə bilib. Zabitəli insan olub və onunla təmas yaratmaq o qədər də asan iş olmayıb Onda necə deyərlər, "Köhnə kişilər"in təbiəti olub. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.
Adil İsgəndərov Zaqafqaziyanın ilk SSRİ xalq artisti olub.