Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İnanclı insanları öz evinin zirzəmisində öldürür və...

Abunə olmaq
Azərbaycanlı rejissor Hollivud səviyyəsində film çəkdiyini iddia edir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Azərbaycanın kino sənətində ilkə imza atdığını iddia edən kinorejissor, Hollivud səviyyəsində film çəkdiyi qənaətindədir. Kinorejissor Elvin Abdullayev premyerasına hazırlaşdığı "Xənnas" filmi və öz yaradıcılığı barədə Sputnik Azərbaycan-a danışıb.

© Photo : Facebook / elvin.abdullayev.73Kinorejissor Elvin Abdullayev
Kinorejissor Elvin Abdullayev - Sputnik Azərbaycan
Kinorejissor Elvin Abdullayev

— "Xənnas" sözünün mənasını bir çoxları bilmədiyi halda, filmə bu adı verdiniz. Səbəbini bilmək olar?

— İlk olaraq filmin yaranma tarixçəsini qısa danışacam. Şəhərdə gəzintidə olan zaman fikirləşirdim ki, niyə bizdə mistik film yoxdur?! Niyə başqaları mistik filmlərində xristian dininin elementlərindən istifadə edirlər, amma biz islam dininin üstünlüklərindən istifadə etmirik?! Təbii ki, bunu Azərbaycanda etmək böyük risk, cəsarət tələb edirdi. Və ən əsası bu tipli filmlərə yüksək məbləğ lazım idi. Azərbaycan kino sahəsində ilkə imza atmaq, adımızı Azərbaycan film tarixinə qızıl hərflərlə yazdırmaq istəyirdimsə, bu riski etməli idim.

"Xənnas" sözü "Qurani-Kərim"in Nas surəsindəndir. Bir çox mənası var: cinin balası, insanı ələ keçirmək istəyən cin, istədiyinə nail olmayana qədər əl çəkməyən və sair. Bəli "Xənnas" adının nə məna kəsb etdiyini əksəriyyət bilmir. Bir çox tanınmış prodüserlər bu adın filmə verilməsinə qarşı idilər. Onlar da vurğuladılar ki, bu ad Azərbaycan tamaşaçısı üçün tanış deyil. Mən və filmin baş prodüseri Edqar Abdullayev məhz bu amili nəzərə alaraq "Xənnas" adını filmə verdik. Çünki tamaşaçı bu adın mənasını bilmək üçün maraqlanacaq və bu da filmə olan marağı daha da artıracaq.

 Filmin çəkiliş prosesi neçə müddət davam etdi? Çəkilişlər hansı regionlarda oldu?

— 3 aya yaxın çəkiliş prosesinə hazırlıq oldu. 48 gün demək olar, gecə-gündüz çəkiliş prosesi getdi. Ümumi "Xənnas" filminin hazır olmasına 1 il vaxt sərf etdim. Filmin əsas hissəsi Şəki rayonunda çəkildi. Qax rayonunda və Bakı şəhərində də çəkilişlər etmişik.

 Qısa olaraq "Xənnas"ın süjet xətti haqqında məlumat verərsiniz?

— "Xənnas" mistik trillerdir. Filmdə tamaşaçılara mənfi hisslər aşılaya biləcək epizodlara yer verməmişik. Sovet dövründə bir nəfər Stalinin əmri ilə dindar və islam dininə inanclı insanları öz evinin zirzəmisində öldürür və həmin ev lənətlənir. Həmin kişinin nəvəsi dəfələrlə babasını yuxusunda görür və babası yuxuda nəvəsindən kömək istəyir. Hadisələr də bundan sonra başlayır. Qəhrəmanımız dostları ilə o evə gedir və qorxu dolu anlar yaşayırlar.

 Sirr deyilsə, "Xənnas"ın büdcəsi nə qədərdir? Ayrılan maliyyə kifayət etdimi?

— Maliyyə filmin çəkilişi üçün ən başlıca amildir. "Xənnas"ın çəkilişinə 200 min manatdan artıq maliyyə sərf olundu. Maliyyəni qardaşım ayırdı. Təbii ki, baş sponsorlar da oldu, onlar da maliyyənin altıda bir hissəsini qarşıladılar. Əslində "Xənnas" üçün 500-600 min manat büdcə lazım idi. Ona görə də filmi tam istədiyim kimi çəkə bilmədim. Amma düşünürəm ki, tamaşaçının görmək istədiyi filmi çəkə bilmişəm.

— Aktyor heyətinin seçimini hansı prinsipə əsasən aparmısınız?

— Aktyor heyətini onların əvvəllər yaratdıqları obrazlara görə seçdim. Bir nəfər — Nərgiz Əliyeva debüt etdi. İlk debütü çox uğurlu alındı. Düşünürəm ki, seçimimdə də yanılmamışam. Çünki, filmdə rol alan hər bir aktyor və aktrisa öz işinin peşəkarıdır.

 Kinoteatrlarda komediya janrında olan filmlərin "ağalıq" etdiyi dövrdə "Xənnas" rəqabətə hazırdırmı?

— Artıq bizim tamaşaçılar yetişib. Bu tip filmlərə baxılma vaxtı gəlib.

 Müxtəlif janrlı filmlərlə işləmisiniz. Sizə daha çox yaxın olan janr hansıdır?

— Müxtəlif janrlı filmlərdə 2-ci rejissor olmuşam. Həmin filmlərdə böyük əməyim olub. Ruhən mənə yaxın detektiv, psixoloji, drama və mistik janrlı filmlərdir. "Xənnas" uğur gətirsə, sadaladığım janrlarda da filmlər çəkmək istəyirəm.

— "Santa Mariya gəmisi" adlı qısametrajlı erotik filmlə ilkə imza atmışdınız. Növbəti ilkə imza atmağa yaxınsınız. Bu, həmkarlarınızdan fərqlənmək üçündürmü?

— "Santa Mariya gəmisi" ilə ilkə imza atdım, böyük səs-küyə səbəb olmuşdu. "Xənnas" ilə də ilkə imza atmışam. Bəli, bu, həmkarlarımdan fərqlənmək və Azərbaycan film tarixində ilklərin rejissoru kimi tarixə düşmək üçündür. Tarixdə ilklər qalır. İlkə imza atmaqdan böyük zövq alıram.

 Çəkilişlər bitdikdən sonra aktyor heyəti ilə aranızda narazılıqlar olduğu yazıldı. Bu, həqiqətdirmi? Həqiqət deyilsə, kimə və nəyə görə lazım idi?

— Bəli, bu, həqiqətdir. Aktyorlarla aramızda inciklik oldu. Bunu yaradıcı inciklik hesab etmək olar. Çünki əsas inciklik poster üstündə oldu. Aktyorların əksəriyyəti posteri bəyənmədilər, çünki posterdə onların üzünə qaranlıq, duman effektləri vermişik. Onlar özlərini posterdə daha gözəl, effektli görmək istəyirdilər. Mən də izah etdim ki, filmin janrına görə poster belə olmalıdır. Bu, açıqlamamdan sonra razılaşanlar da, razılaşmayanlar da oldu.

Həqiqət olmayan o idi ki, guya aktrisa Pərvin Abiyeva filmə pul ayırıb, film həmin pulla çəkilib. Bu, kökündən yalan olan məlumat idi. Bununla bağlı Pərvin xanım özü də açıqlamalar verib. Amma bilmirəm, bu, kimə və nəyə görə lazım idi.

— Təqdimata sayılı günlər qalıb. "Şər deməsən, xeyir gəlməz" deyimi var. Əgər "Xənnas" gözləntiləri doğrultmasa, bu, sənət yolunuza necə təsir edəcək?

— Düzü, bu haqda düşünməmişəm. Heç düşünmək də istəmirəm. Belə bir şey olarsa, psixoloji olaraq çox sarsıntı keçirəcəyim dəqiqdir. Allaha sığınıb yeni filmlə özümü sübut etməyə çalışacağam. Amma bu filmi nə vaxta çəkərəm, onu bilmirəm. Çünki, depressiyada nə qədər olacağımı bilmirəm. O, dəqiqdir ki, nə olsa da, mən bu sənətdə olacağam. Arzularım, gələcəyim bu sənətə bağlıdır.

— Sizcə, tamaşaçılar "Xənnas"a niyə baxmalıdırlar?

— İlk olaraq onu deyim ki, Hollivud filmlərini sevənlər, bu filmdə də o həyəcanı yaşaya biləcəklər. "Xənnas" Azərbaycan film sahəsində ilkdir. "Xənnas"a böyük əmək sərf olunub. Tamaşaçılar bu qorxunu, həyəcanı yaşamaq üçün ona baxmalıdırlar. Bir sözlə, indiyə qədər Azərbaycan istehsalı olan filmlərdən tam fərqli film izləmək istəyənlər "Xənnas"ı seçməlidir. Gələn tamaşaçılar, əminliklə deyirəm ki, qorxaraq, həyəcanlanaraq zövq alacaqlar.

Xəbər lenti
0