BAKI, 4 may — Sputnik. Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun cəbhə xəttinə yaxın yerləşən Hacıturallı kəndində qeydə alınıb.
Yanğın nəticəsində Mübariz Əliyevə məxsus 4 otaqlı evin 100 kv. metri əşyaları ilə birlikdə yanıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Hadisə zamanı evin sakinləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Alovun qarşısını, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası alıb. Yanğının yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hadisə ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yanğın nəticəsində ziyan dəymiş ailəyə maddi yardım göstərilib: "Onların müvəqqəti yaşayış yeri ilə təmin edilməsinə də köməklik göstəriləcək".