BAKI, 3 may — Sputnik. 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür.
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.