BAKI, 3 may — Sputnik. Müdafiə Nazirliyinin (MN) Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında "İnsan genetikasına müasir yanaşma" mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə Sputnik Azərbaycan-a MN-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin akademiki Vladimir Zelman, Merilend Universitetinin akademiki Roald Saqdeev, Los-Anceles Universitetinin əməkdaşı Nataliya Pastuşenko, Moskva Dövlət Universitetinin əməkdaşı Yelena Popova və azərbaycanlı mütəxəssislər iştirak ediblər.
Konfransda insan genetikasının formalaşması problemlərinin müxtəlif aspektləri, bu sahə ilə məşğul olan alim və mütəxəssislərin əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, molekulyar biologiya, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılması, tibbdə yeni texnologiyaların tətbiqi imkanlarının öyrənilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.