BAKI, 2 may – Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Turizm haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Komitə sədri bildirib ki, qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılacaq, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcək, bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaq.
Komitə sədri deyib ki, qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin inkişafının digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.
Layihədə göstərilir ki, turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər. Turizm fondları turizm sahəsində sahibkarlılığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir. Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.
Qanun layihəsinə görə, turistlərin və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılır. Həmin sertifikatı əldə etməmiş daşıyıcı turistlərin və (və ya) ekskursantların daşınması ilə məşğul ola bilməz. Turistlərin və ekskursantların daşınmasını həyata keçirən sürücülərin sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Turist avtonəqliyyatı vasitələrinin işçiləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə turistlərin və ekskursantların daşınmalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.
Qeyd edilir ki, avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərmək istəyən şəxs daşıma xidmətlərinin göstərilməsi üçün lisenziya aldıqdan sonra turistlərin və ekskursantların daşınması sahəsində xidmət göstərmək üçün nəzarət orqanının nümayəndələrinin iştirakı ilə akkreditasiyadan keçir. Həmin akkreditasiya zamanı müvafiq daşıyıcının "Avtomobil nəqliyyatı ilə turistlərin, ekskursantların və onların baqajlarının daşınması Qaydaları"na uyğunluğu yoxlanılır. Turistlərin və ekskursantların daşınması üçün akkreditasiyadan keçmiş daşıyıcılara onların turist avtonəqliyyatı vasitələrinin sayına uyğun olaraq akkreditasiya kartları verilir. Akkreditasiya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə eynidir. Turistlərin və (və ya) ekskursantların digər nəqliyyat vasitələri ilə daşınmasına akkreditasiya tətbiq olunmur.
Layihədə bildirilir ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanun qüvvəyə mindiyi gündən "Turizm haqqında" Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 674-IQ nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.