BAKI, 1 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunan bir rəqəm çox ciddi problemi qabardıb. Belə ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum səviyyədə mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub.
Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) sədri Əjdər Ağayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu problemin kökündə saxtakarlıq, məsuliyyətsizlik durur: "Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir. Uşağın oxuyub-yaza bilməyərək 9-11-ci sinifə kimi gəlib çatması saxtakarlıq və ləyaqətsizlikdir".
"Bu cür savadsızlığın səbəbi odur ki, uşağın adı məktəbdə siyahıda olsa da, özü dərsə getməyib. Təhsildə saxtakarlıq edənlər düşünüblər ki, həmin uşaq heç bir yerə sənəd verməz və onların etdiyi bu qanun pozuntusu heç kimə məlum olmaz" — deyə Ə.Ağayev əlavə edib.
Şura sədrinin sözlərinə görə, belə saxtakarlığa yol verənlər insanları bədbəxt etməklə yanaşı, özlərini də müdafiə edirlər: "Bu, hansı regionda olmasından asılı olmayaraq, təhsilin aşağı səviyyəsinin göstəricisidir. Bu hadisədə regionun təhsil idarəsi, məktəb direktoru, müəllimlər və eyni zamanda valideyn günahkardır".
"Saxta məhsul hazırladığına görə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün olduğu kimi, təhsil qanununa əsasən, məktəbin məhsuluna görə (şagirdlərin təhsil almasına görə) məktəbdə işləyən təhsil işçiləri də məsuliyyət daşıyır. Belə hallar olarsa, həmin müəssisə məsuliyyətə cəlb edilməlidir. Müəllimlərin əmək haqqı kəsilməlidir, direktor cəzalandırılmalıdır. Eləcə də, digər aidiyyatı şəxslər cəza almalıdır" — Ağayev vurğulayıb.
Sonda o əlavə edib: "Təhsil Şurasının sədri olaraq deyirəm ki, bu faktlar neçə illərdir var. Belə halların çoxalmaması üçün sərt tədbirlər görülməliydi. Amma keyfiyyət məsələsinə heç kim müdaxilə etmir. Xalqın övladını bədbəxt etmək olmaz".
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən, ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir: "Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. Yeri gəlmişkən, Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir".
"TQDK-nın (DİM — red.) təqdim etdiyi məlumat əslində o deməkdir ki, IX sinifi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir. XI sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93% və 99.97% göstərici deməkdir" — Əsədov bildirib.
Bundan başqa, o, əlavə edib ki, TQDK-nın (DİM) elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub-yazma qabiliyyətini yoxlasın: "Onlar bunu imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında müəyyənləşdiriblər. Hansısa şagird hansısa səbəbə görə cavab kağızını ağ qoyubsa, bu, onun oxuyub-yaza bilməməsi demək deyil".
Sputnik Azərbaycan-ın əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov heç bir rəsmi cavablarının olmadığını bildirib…
Qeyd edək ki, 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birindən 1 nəfər olub.
9-cu siniflər yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birindən 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birindən 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsindən 1 nəfər olub.