BAKI, 1 may — Sputnik. Yasamal rayonu, Akademik Milli Dram Teatrının və "Təzə Pir" məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində, "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir. Artıq sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.
Avtonəqliyyat vasitələri üçün Səməd Vurğun küçəsi ilə kəsişmədə yeni geri dönmə hissəsi istifadəyə verilsə də, öncədən Heydər Əliyev Sarayının arxasına dönmə olması faktı bir çox sürücülərdə çaşqınlıq yaradır. Ərazidə "keçmək olmaz" nişanı olsa da, işarə düzgün qoyulmadığı üçün sürücüləri çaşdırır. Yəni sürücü yolu əvvəlki istiqamətdə dönən zaman qarşıdan gələn avtomobillərin yoluna girmiş olur və 3 bal, 60 manat məbləğində cərimələnir.
Yasamal rayonunun digər ərazisində də analoji problem yaşanır. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) qarşısındakı dairədə kəsişən yolların bağlanması və əraziyə "keçmək olmaz" nişanın qoyulması yola bələd olmayan sürücülər üçün çətinlik yaradır.
Xatırladaq ki, hazırda hər iki dairə istiqamətində təmir işləri davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, "Beş mərtəbə" və "Statistika dairəsi" ləğv olunacaq: "Beş mərtəbə" dairəsi ləğv olunacaq, park Akademik Milli Dram Teatrına qədər, onun arxası ilə Nərimanov prospektinə qədər uzadılacaq".
"Yol infrastrukturu çərçivəsində həmin ərazilərdə 5 küçədə yenidənqurma və təmir işləri aparılır. Birinci mərhələdə bu ay yolların təmiri başa çatacaq, ikinci mərhələdə isə yaşıllıqların, parkın salınması işləri aparılacaq" — ASC sözçüsü bildirib.
A. Nəcəflinin sözlərinə görə, "Beşmərtəbə dairəsi" ilə yanaşı, Dövlət Statistika Komitəsinin qarşısındakı dairə də ləğv olunur: "Daha həmin dairədə kəsişən yollar olmayacaq. Yol nəqliyyat sistemində qızıl qayda odur ki, kəsişən yollar olmasın. Ona görə də hər iki dairədə kəsişmə nöqtələri ləğv edilir. Təmir işləri bitdikdən sonra, avtonəqliyyat vasitələri bir-birinə mane olmadan hərəkətinə davam edə biləcək".
Xatırladaq ki, ötən ilin sonlarında başlayaraq Akademik Milli Dram Teatrının ətrafı və "Təzə Pir" Məscidi Kompleksinin ətrafında aparılan yenidənqurma və abadlıq işlərinin bu ay başa çatacağı gözlənilir.
Hüquqşünas Ərşad Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, əgər yolda hərəkət məhdudlaşdırılırsa, (yol bağlanır və yaxud yolun bir istiqaməti bağlanır — red.) öncədən əhaliyə məlumat verilməlidir. O, əlavə edib ki, belə hallarda təhlükəsizlik üçün əraziyə müəyyən müddət ərzində xidmət üçün polis göndərilməlidir.
"Bundan başqa, yollarda hərəkət rejimi, hərəkət sxemi dəyişdiriləndə sürücüyə xüsusi xəbərdarlıq edilməsi və ya oradan keçən sürücülərə neçə günsə cərimə yazılmaması nəzərdə tutulmayıb. Sürücü diqqətli olmalıdır. Necə kitabı hərf-hərf oxuyub səhv etməməyə çalışırıqsa, sürücü də yolu elə oxumalıdır. Bunu etmədisə, bu, artıq sürücünün problemidir" — Hüseynov vurğulayıb.
Ekspertin izahına görə, yol hərəkəti elə təşkil olunmalıdır ki, orada sürücü üçün heç bir sual qalmasın: "Yolda, yol hərəkətinin təşkilində heç bir səhv olmamalıdır. Nişanlar standarta uyğun olmalı, görünməsi təmin olunmalı, lazımi yerlərə qoyulmalıdır. Yol hərəkəti qanuna uyğun təşkil olunmalı və sürücü həmin qanunlara riayət etməlidir. Sürücü diqqətli olmayıb, qanuna riayət etmirsə, bu, onun günahıdır".