Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 29 aprel — Sputnik. Astara rayonunun Kakalos kəndində kiçik bir "Folklor evi" var. Ona kənd sakinləri "Mədəniyyət evi" də deyirlər. Bu evin özəlliklərindən biri burada kənd muzeyinin yerləşməsidir.
Muzeyin yaradıcısı və direktoru Fərbiyə Şabanovanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, muzey ilk yaradılanda Kakalos kənd orta məktəbində bir sinif otağında yerləşib: "1982-1983-cü tədris illərində o vaxt dərs dediyim Kakalos kənd tam orta məktəbində kiçik bir otaqda 200 ədədlik eksponatla muzeyi yaratmağa başladım. Az sayda eksponatlarımızı bağlı otaqda saxlayırdıq".
"1994-cü ildə isə artıq eksponatların sayını artıraraq, muzeyi Kakalos kənd "Folklor evi"nə köçürdüm. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə muzey fəaliyyətə başladı" – deyir direktor.
Onun sözlərinə görə, hazırda muzeydə, təqribən 2500 ədəd eksponat var: "Bunların arasında, öküzləri arabaya və ya kotana bağlamaq üçün, XIX əsrə aid qivlər var. Cənub zonasına aid qədim kişi və qadın geyimləri var ki, təqribən, 150-200 il bundan qabaqkı dövrə aiddir. Həmçinin, XX əsrin əvvəllərinə aid qromofon var. Bu qromofon da bizim kəndçilər tərəfindən muzeyimizə hədiyyə edilib".
F. Şabanova qeyd edir ki, burada sərgilənən eksponatların arasında XIX əsrə aid "Naz-nazı yaylığı", həmin dövrə aid bir cüt çarıq və sair var: "Muzeyimizin bir hissəsində isə mən bir bölmə yaratdım, adını da "Kənd evi guşəsi" qoydum. Burada kəndimizin qədimdəki quruluşu, evlərin düzülüşü əks olunub".
"Eksponatlarımızın arasında ən maraqlılardan biri "Güləbatın yaylığı"dır ki, bu yaylıq mənə qayınanamdan yadigar qalıb, ona da öz qayınanasından. Yəni bu yaylığın bir əsrdən çox yaşı var. Ailədə qayınanalardan gəlinlərə hədiyyə edilib" – deyir həmsöhbətimiz.
O, muzeydə təkcə qədim əşyaların sərgilənmədiyini də əlavə edir. Belə ki, muzeydə fərqli guşələr də yaradılıb: "Məsələn bu guşələrdən biri, kəndimizdə yaşamış Molla Əlirza və onun ailəsinə aid fotolardan ibarətdir. Molla Əlirza 1930-cu illərdə Stalin repressiyasına məruz qalaraq Sibirə sürgün edilib".
"Yaxud burada Kərbəlayi Feyzulla və həyat yoldaşı Məşhədi Şəhrəbanunun fotolarının sərgiləndiyi guşə var. Bu ailə də Sibirə sürgün olunub. Stalinin ölümündən sonra isə bəraət alaraq yenidən kəndlərinə qayıdıblar. Muzeyimizin bir tərəfində isə "Nəcib qızlar" klubunun üzvlərinin düzəltdiyi əl işləri sərgilənir" – F. Şabanova vurğulayır.
Muzeydə sərgilənən eksponatlar arasında qədim dövrlərə aid məişət qabları, tərəzi, qədim pul və sikkələr də var. Məlumat üçün bildirək ki, Fərbiyə Şabanova muzeydəki bütün qədim eksponatları özü toplayıb.