BAKI, 29 aprel — Sputnik. Aprelin 29-u dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur.
1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq rəqs günü təsis olduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur.
Azərbaycan xalq rəqslərinin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min əvvəl, Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutub. Bu baxımdan Qobustan qaya üstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir.