BAKI, 28 aprel — Sputnik. Xəzər rayon Polis İdarəsinin əməkdaşları maraqlı oğurluq hadisəsini araşdırırlar. Niyə maraqlı? Çünki izlər hüquq mühafizəçilərini Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə aparıb. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Hər şey ondan başlayıb ki, Şüvəlan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Cəmşid Abdullayev polisə şikayət edib. O bildirib ki, martın 10-dan aprelin 24-nə qədər onun Ordubadi küçəsində yerləşən evindən oğurluq edilib. Evdən 32 metr elektrik naqili, dörd mis qazan, qaynaq aparatı və digər əşyalar oğurlanıb. Oğurluq faktını araşdıran əməliyyatçılar, 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Turan Yaqubovun izinə düşüblər.
Məlum olub ki, Yaqubov Abdullayevin evində təkcə mis qazanlar deyil, daha ciddi şey axtarırmış. İlkin araşdırma zamanı məlum olub ki, Abdullayevin evinin həyətində civə gizlədilib. Bu barədə Yaqubova onun dostu — N saylı hərbi hissənin hərbi qulluqçusu, Mingəçevir şəhər sakini, istintaq maraqlarına görə adı açıqlanmayan şəxs məlumat verib.
Hərbi qulluqçu danışıb ki, o, Abdullayevin evində gözətçi işləyib və civəni məhz onun evinin həyətində basdırıb. Bu, ötən ilin dekabrında baş verib. Dostu Yaqubovdan xahiş edib ki, civəni tapsın və onu sərfəli qiymətə satsın.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları sözügedən hərbçini saxlayıblar. Məlum olub ki, Yaqubov yalan danışmır. Göstərilən yerdən 35 qram civə tapılıb. Hazırda istintaq Mingəçevir sakininin bu zəhərli metalı haradan əldə etdiyini araşdırır.