BAKI, 27 aprel — Sputnik. Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqları Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib. Bu barədə Sputnik Azərbaycan Diaspora ilə iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq. Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan Prezidenti bildirib ki, "bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrinin müavinləri təyin edilməsi haqda sərəncam imzalayım".
Qazaxıstan Respublikası Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assambleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir.
Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Əbilfas Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.