BAKI, 27 aprel — Sputnik. "Tütün məmulatları ayrıca mağazalarda satılmalı və gur yerlərdə olmamalıdır. Onlar xüsusi yerlərdə satılsa, onda nəzarət etmək də asan olar".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Araz Əlizadə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib.
Onun sözlərinə görə, ikincisi, tütün satılan mağazalar və s. təhsil ocaqlarından azı 500 metr kənarda olmalıdır. Yəni, fasilədə çəkib qayıda bilməsinlər.
Millət vəkilinin fikrincə, sulu qəlyan Azərbaycanda tamamilə qadağan olunmalıdır: "Sulu qəlyan son 10 ildə ölkədə sürətlə yayılıb. Sulu qəlyanın ən çox zərəri nədən ibarətdir. Əvvəla, insanın səhhəti üçün çox zərərlidir. Deyirlər ki, müştüyü dəyişirlər, amma borunu dəyişmirlər axı. Onu xəstə adamlar da çəkir, bu da nəfəs yolu ilə yığılır boruya və insanlar arasında xəstəliklər yayılır. Narkotik çəkmək üçün sulu qəlyandan istifadə edirlər. Marixuana, anaşa qatırlar. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. İran, Rusiya bunu qadağan etdi".