BAKI, 27 aprel — Sputnik. İspan əsilli amerikalı aktyor və rejissor Antonio Banderasa "ABŞ-da İspan dəyərlərinin təbliğatçısı" mükafatı verilib. Madriddə təşkil olunan mərasimdə İspaniya kralı VI Felipe də iştirak edib. Aktyora mükafatı kral özü şəxsən təqdim edib. Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.
Tədbirdə Hollivud filmlərində oynadığı rollarla şöhrət qazanan 56 yaşlı Banderasın, hər zaman köklərinə sadiq qaldığı, ispan mədəniyyətinə bağlılığını Amerikada çəkildiyi filmlərdə nümayiş etdirdiyi qeyd olunub.
Əsl adı Xose Antonio Domingez Bandera olan Antonio Banderas mərasimə hollandiyalı sevgilisi Nikole Kimpel ilə gəlib.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən aktyor, hazırki ABŞ hökumətini və prezident Donald Trampı sərt tənqid edib.
"Amerikada ispan olmaq təəssüf ki, indi daha çətindir. Meksikaya hörmək istədikləri divardan daha böyüyünü bizə hörürlər. Bunlar virtual divarlardır. Bu hökumətdən heç bir müsbət fəaliyyət görmədim. Mən sizə hər kəsin gördüyü faktı deyirəm" — Banderas bildirib.