CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Dövlət Yol Polisindən vacib açıqlama

© Sputnik / Fuad HəsənovAbşeron Gənclər Şəhərciyindən bir görünüş
Abşeron Gənclər Şəhərciyindən bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Əsas yoldan birbaşa həmin şəhərciyə dönmək üçün yol verilə biməz

BAKI, 27 aprel — Sputnik. "Abşeron Gənclər Şəhərciyi"nin bir qrup sakini məktubla Sputnik Azərbaycan-a müraciət edib. Sakinlər şəhərciyə Sumqayıt yolundan əlavə yolun açılmasını arzulayırlar: "Bəzən axşam saatlarında "Masazır dördyolu" adlanan ərazidə tıxac saatlarla davam edir. Masazırdan gələn yol əsas olduğu üçün çox zaman, xüsusən axşam saatlarında dolu olur və tıxac yaranır. Yaxşı olardı ki, Sumqayıta gedən yolla əlavə yolu ayıran dəmir çərçivələrdən bir qədər kəsilsin və bizə yol verilsin. Bu, həm tıxacın qarşısını alar, həm də qəzaların baş verməsinin qarşısını almış olar".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, əraziyə yeni yol ayrılması qeyri-mümkündür: "Həmin yol sürətli yoldur. Təsəvvür edin, oradan şəhərciyə dönmək üçün yol ayrılsa, gərək sürət ən az 60-a endirilsin. Əgər həmin yerdən dönmək üçün bir neçə avtomobil yığılsa, bütün Sumqayıt yolu bağlana bilər. Həmin ərazi üçün yaşayış şəhərciyinin yuxarı hissəsindən alternativ yol açıla bilər. Amma əsas yoldan birbaşa həmin şəhərciyə dönmək üçün yol verilə bilməz. Həmin sakinlər yardımçı yoldan istifadə etsələr, onlar üçün daha əlverişli olar".

Əliyev bildirir ki, yaşayış məntəqəsinə əlavə yolun açılması üçün sakinlər ərazi üzrə İcra Hakimiyyətinə müraciət etməlidirlər.

Onun sözlərinə görə, şəhərdə avtomobilin sayı çox olduğu üçün müəyyən saatlarda yollarda tıxacın olması normal qarşılanmalıdır: "Bu məsələdən narazı qalmaq da düzgün deyil. Çünki həmin ərazidə uzaqbaşı sürücünün 2 dəqiqə vaxtı gedə bilər. Bilirsiniz ki, həmin ərazidə üstünlük şəhər tərəfdən gələn avtomobillərə verilir. Orada kiçik bir gözləmə məsafəsi var. İnanmıram sürücülər həmin ərazidə uzun müddət gözləməli olsun. Tıxac o deməkdir ki, avtomobil saatlarla eyni yerdə dayansın, bir addım hərəkət etməsin. O ərazi üçün bu xarakterik deyil. Orada sadəcə sıxlıq olur. Sıxlıq olanda hərəkət sürəti minimuma enir və avtomobillər ərazidən minimum sürətlə keçirlər".

Ölkədə yol infrastrukturunun inkişaf etdiyini vurğulayan polis yetkilisinin fikrincə, zamanla şəhərdə və qəsəbələrdə tıxac və sıxlıq aradan qaldırılacaq.

Xəbər lenti
0